Şarj zamanı smartfon niyə həddindən artıq qızır? - Əsas səbəblər və həll yolları

TEXNO
18:20 / 14.07.2026
37

Smartfonların istifadə və ya şarj zamanı müəyyən qədər isinməsi normal hal hesab olunur. Lakin cihaz o qədər qızırsa ki, onu əldə saxlamaq çətinləşir, bu, texniki problemin əlaməti ola bilər.

Hit.az xəbər verir ki, adevarul.ro nəşri yazıb.

Rəqəmsal texnologiyalar üzrə mütəxəssislər bildirirlər ki, xüsusilə yüksək məhsuldarlıqlı və oyunlar üçün istifadə olunan smartfonlarda müəyyən istiləşmə təbiidir. Bununla belə, şarj zamanı telefonun toxunulmaz dərəcədə qızması narahatlıq doğurmalıdır.

Telefonun isinməsi nə vaxt normal sayılır?

Smartfon aşağıdakı hallarda isinəyə bilər:

* 20 Vt, 45 Vt, 65 Vt və ya daha yüksək güclü sürətli şarjdan istifadə edilərkən;
* Şarj zamanı oyun oynanıldıqda, video izlənildikdə və ya GPS naviqasiyası işlədildikdə;
* Ətraf mühitin temperaturu 30–35°C-dən yuxarı olduqda;
* Batareyanın enerjisi demək olar ki, tükəndikdən sonra şarj prosesi başladıqda.

Bunun əksinə olaraq, telefonun həddindən artıq qızması, ekranda yüksək temperatur barədə xəbərdarlığın görünməsi, şarjın öz-özünə dayanması və ya cihazdan istifadə olunmadığı halda belə mütəmadi olaraq qızması texniki nasazlığın göstəricisi ola bilər.

Smartfonun həddindən artıq qızmasının əsas səbəbləri

Telefonun arxa hissəsi çox qızırsa, səbəb batareyanın köhnəlməsi və ya nasazlığı ola bilər.

Əgər cihazın aşağı hissəsi qızırsa, problem şarj portu və ya şarj cihazı ilə bağlı ola bilər. Uyğunsuz, keyfiyyətsiz və ya nasaz adapter və kabel smartfonun həddindən artıq isinməsinə səbəb ola bilər.

Telefonun yuxarı hissəsinin qızması isə dinamiklə bağlı nasazlıqdan qaynaqlana bilər.

Smartfonu həddindən artıq qızmadan necə qorumaq olar?

Əgər problem batareyadadırsa, onun "rəsmi servis mərkəzi"ndə dəyişdirilməsi tövsiyə olunur.

Digər hallarda isə kabel və ya şarj cihazını yoxlamaq lazımdır. Nasaz və keyfiyyətsiz aksesuarlar təkcə qızmaya deyil, uzunmüddətli perspektivdə cihazın zədələnməsinə də səbəb ola bilər. Buna görə orijinal və ya keyfiyyətli sertifikatlaşdırılmış şarj cihazlarından istifadə etmək məsləhətdir.

Mütəxəssislər həmçinin şarj zamanı telefondan istifadə etməməyi, cihazı bütün gecə şarjda saxlamamağı və onu yorğan, örtük kimi yumşaq səthlərin üzərinə qoymamağı tövsiyə edirlər.

Həddindən artıq isinmənin qarşısını almaq üçün istifadə olunmayan tətbiqləri bağlamaq, ehtiyac olmadıqda "Bluetooth" və mobil interneti söndürmək, cihazın yaddaşını boşaltmaq və smartfonu sərin, yaxşı havalandırılan yerdə şarj etmək tövsiyə olunur. Eyni zamanda prosessoru həddindən artıq yükləyən tətbiqlərin olub-olmadığını da yoxlamaq lazımdır.

Bu tədbirlərə baxmayaraq telefon yenə də həddindən artıq qızırsa, onu mütəxəssisə göstərmək məsləhətdir.

Samir
 

0