Noutbukun veb-kamerasının yanında yanan qırmızı işıq bir çox istifadəçini narahat edir. Əksəriyyət dərhal kameranın görüntü yazdığını və ya cihazın izlənildiyini düşünür. Lakin "BGR" nəşrinin yazdığına görə, bu göstərici hər zaman kameranın aktiv işlədiyi anlamına gəlmir.
HİT.az xəbər verir ki, əksər hallarda veb-kameranın yanında yanan qırmızı işıq və ya qırmızı nöqtə hansısa proqramın və ya sistem prosesinin kameraya müraciət etdiyini göstərir. Kamera istifadə olunarkən aktivlik indikatoru yanır. Onun rəngi istehsalçıdan asılı olaraq dəyişə bilər: bəzi noutbuklarda qırmızı, digərlərində isə ağ və ya yaşıl olur.
Bununla belə, qırmızı işıq hər zaman kameranın görüntü yazdığı və ya işlədiyi demək deyil. "Windows" əməliyyat sistemi ilə işləyən noutbuklarda sistemə giriş zamanı bu indikator "Windows Hello" üz tanıma funksiyası ilə əlaqədar da görünə bilər. Bu zaman infraqırmızı sensorlardan istifadə edilir və onların işığı bəzən istifadəçiyə görünür. Bu isə görüntünün yazılması və ya təhlükəsizlik problemi demək deyil.
Qırmızı işığın digər geniş yayılmış səbəblərindən biri də məxfilik üçün nəzərdə tutulmuş fiziki kamera örtüyüdür. "HP", "Dell" və "Lenovo" markalı bəzi noutbuklarda kamera örtüldükdə obyektivin yanında qırmızı nöqtə görünür. Bu sadəcə kameranın fiziki olaraq bağlandığını göstərir. Lakin işıq indikatoruna bənzədiyi üçün istifadəçilər bunu bəzən səhvən videoyazının başladığını düşünürlər.
Əgər indikator həqiqətən kameranın istifadə olunduğunu göstərirsə, "Windows" sistemində kameraya hansı proqramın çıxış əldə etdiyini yoxlamaq mümkündür. Bunun üçün "Parametrlər" bölməsinə daxil olub "Məxfilik və təhlükəsizlik" menyusundan "Kamera" bölməsini açmaq lazımdır. Burada kameradan istifadə edən tətbiqləri görmək və ayrı-ayrı proqramlar üçün giriş icazələrini dəyişmək mümkündür.
Samir


