Zəif şifrə seçimi təkcə kibertəhlükəsizliyi risk altına atmır, həm də ciddi maliyyə itkilərinə səbəb ola bilər. Bununla belə, kibertəhlükəsizlik üzrə mütəxəssislər hesab edirlər ki, istifadəçilər hələ də rəqəmsal təhlükəsizlik qaydalarına kifayət qədər diqqət yetirmirlər.
HİT.az xəbər verir ki, mütəxəssis şifrə yaradarkən və istifadə edərkən ən çox edilən altı əsas səhvi açıqlayıb.
1. Eyni şifrədən fərqli hesablarda istifadə etmək
Bir çox istifadəçi hər hesab üçün yeni şifrə yaratmaq əvəzinə mövcud şifrəyə kiçik dəyişikliklər edərək ondan yenidən istifadə edir. Məsələn, sonuna bir rəqəm və ya simvol əlavə olunur. Lakin bu cür dəyişiklikləri hakerlərin təxmin etməsi çətin deyil.
Mütəxəssislər hər bir hesab üçün tamamilə fərqli şifrə istifadə etməyi tövsiyə edirlər. Bu prosesi asanlaşdırmaq üçün şifrə menecerlərindən istifadə etmək mümkündür.
2. Yalnız vacib hesablar üçün unikal şifrə seçmək
Bəzi istifadəçilər yalnız internet bankçılığı və ya iş hesabları kimi vacib hesablar üçün fərqli şifrə yaradır, digər hesablarda isə eyni şifrədən istifadə edirlər.
Ekspertlər bildirirlər ki, nadir hallarda istifadə olunan hesablar belə e-poçt ünvanı və telefon nömrəsi kimi məlumatlar saxlayır. Bu məlumatlar digər sızmalarla birləşdirildikdə kibercinayətkarlar üçün dəyərli ola bilər.
Bu səbəbdən bütün hesablar, o cümlədən az istifadə olunanlar da unikal şifrələrlə qorunmalıdır.
3. Şifrə menecerindən istifadə etməmək
Çoxmərhələli identifikasiya ilə yanaşı, şifrə menecerləri də hesabların təhlükəsizliyini artıran əsas vasitələrdən hesab olunur.
Bu proqramlar güclü və təkrar olunmayan şifrələr yaradır, onları təhlükəsiz şəkildə saxlayır və fişinq saytlarını müəyyən etdikdə avtomatik doldurma funksiyasını dayandıra bilir.
4. Sadə və şəxsi məlumatlardan ibarət şifrələr yaratmaq
Ad, soyad, doğum tarixi və ya digər şəxsi məlumatlardan ibarət şifrələr asanlıqla təxmin edilə bilər.
Mütəxəssislər ən azı 12 simvoldan ibarət, hərf, rəqəm və xüsusi işarələri birləşdirən, eyni zamanda istifadəçi üçün yadda saxlanılması mümkün olan şifrələrin seçilməsini tövsiyə edirlər.
5. İki mərhələli identifikasiyanı aktiv etməmək
Ən güclü şifrə belə oğurlana bilər. İki mərhələli identifikasiya isə hesabın təhlükəsizliyini artıraraq giriş zamanı əlavə təsdiq tələb edir. Bu təsdiq adətən SMS, elektron poçt və ya autentifikasiya tətbiqi vasitəsilə göndərilən birdəfəlik kod şəklində olur.
Mütəxəssislər bu funksiyanın dəstəkləndiyi bütün xidmətlərdə aktivləşdirilməsini tövsiyə edirlər.
6. Şifrə təhlükəsizliyinə laqeyd yanaşmaq
Bir çox insan kibercinayətlərin yalnız başqalarının qarşılaşdığı problem olduğunu düşünür. Lakin məlumat sızmaları, şəxsiyyət oğurluğu və maliyyə fırıldaqları internet istifadəçilərinin hamısı üçün risk yaradır.
Ekspertlər istifadəçilərə şifrələrini mütəmadi olaraq yeniləməyi, təhlükəsizlik vərdişlərini nəzərdən keçirməyi və yeni identifikasiya texnologiyalarından vaxtında istifadə etməyi məsləhət görürlər.
Samir


