Bir vaxtlar 666 dollara satılan "Apple" kompüteri hərracda 1,1 milyon dollara alıcı tapdı

TEXNO
18:59 / 19.10.2026
57

“Apple” şirkətinin 1976-cı ildə istehsal etdiyi ilk kompüterlərdən biri hərracda 1 milyon 148 min 200 dollara satılıb. Stiv Voznyakın imzasını daşıyan və ilk sahibi Fred Hatfildin adı ilə tanınan “Apple I” gözlənilən maksimum satış qiymətini geridə qoyub.

HİT.az xəbər verir ki, bu barədə “CHIP” nəşri məlumat yayıb.

“Bonhams” hərrac evində satışa çıxarılan və hazırda da işlək vəziyyətdə olan kompüter 1976-cı ildə Hatfildə cəmi 666,60 dollara satılmışdı. Sonuncu dəfə 2013-cü ildə 671 min 400 dollara əl dəyişən cihaz bu dəfə iki alıcının rəqabəti nəticəsində daha yüksək qiymətə satılıb. Kompüteri alan kolleksiyaçının kimliyi açıqlanmayıb.

Qeydiyyat sənədlərində 48 nömrəsi ilə göstərilən bu cihaz günümüzə qədər gəlib çatan və mövcudluğu təsdiqlənən 74 “Apple I” kompüterindən biridir. Hərracda onunla yanaşı şirkətin ilk illərinə aid sənədlər və aksesuarlar da təqdim olunub.

Stiv Cobsun məktubu da satışa daxil edilib

Kompüterlə birlikdə Stiv Cobsun Hatfildə ünvanladığı məktub da yeni sahibinə verilib. Məktubda Cobs ona “Apple I” ana platasını “Apple II” səviyyəsinə yüksəltməyi təklif edib. Lakin Hatfild bu təklifi qəbul etməyərək köhnə kompüterindən istifadə etməyə davam edib.

Satış paketinə orijinal istifadə təlimatı, kaset sistemi üzrə bələdçi, “Apple I” sahibləri klubunun dəvətnaməsi, xüsusi enerji bloku, həmçinin dövrünə uyğun monitor və klaviaturalar daxil olub.

“Apple I” 8 kilobayt operativ yaddaşa və MOS Technology 6502 prosessoruna malik olub. Kompüterin ilkin satış dəstinə enerji bloku, klaviatura və monitor daxil edilmirdi. Qurğu “Apple Integer BASIC” proqramını işlədə bilir, əlavə kaset interfeysi vasitəsilə isə bəzi oyunları dəstəkləyirdi.

İlk sahibi kompüteri yeniləmək istəməyib

Hatfild sonradan kompüterini 40 min dollara satıb. Onun sözlərinə görə, satışdan əldə etdiyi pulu Yeni Orleandakı Frenchmen küçəsində yerləşən restoran və əyləncə məkanlarında xərcləyib.

“Bonhams” hərrac evi kompüteri ötən ay Nyu-Yorkda nümayiş etdirərək satışa hazırlayıb. Şirkətin 50 illik yubileyi ərəfəsində hərraca çıxarılan tarixi cihazın 1 milyon dollardan baha satılması texnologiya kolleksiyaçıları arasında köhnə kompüterlərə marağın yüksək olduğunu bir daha göstərib.

Samir
 

0