Köhnə kompüter hissələrindən qızıl çıxarmaqla qazanc əldə etmək istəyənlər üçün maraqlı təcrübə keçirilib. Nəticələr göstərib ki, 150 ədəd “Intel Pentium 4” prosessorunun emalından belə bir qramdan az qızıl əldə etmək mümkündür. Bu isə elektron tullantılardan qiymətli metal çıxarmağın göründüyü qədər gəlirli olmadığını ortaya qoyur.
HİT.az xəbər verir ki, bu barədə “CHIP” nəşri məlumat yayıb.
“Iman Gold Recovery” adlı "YouTube" kanalında aparılan təcrübə zamanı 150 prosessor emal edilsə də, əldə olunan qızılın ümumi çəkisi bir qrama çatmayıb. Bunun əsas səbəbi prosessorların qızılı rəngdə olan hissələrinin bütövlükdə qızıldan hazırlanmamasıdır. Əksər hallarda bu səthlər mis və ya latun kimi metallardan hazırlanır, üzərinə isə çox nazik qızıl təbəqəsi çəkilir.
Elektronikada qızıldan niyə istifadə olunur?
Qızılın elektron cihazlarda tətbiq edilməsinin əsas səbəblərindən biri onun oksidləşməyə və korroziyaya qarşı davamlı olmasıdır. Bu xüsusiyyət elektrik kontaktlarının uzun müddət etibarlı işləməsinə kömək edir. Metalın yüksək elektrik keçiriciliyi və asan emal olunması da onu elektron komponentlər üçün əlverişli edir.
Bununla belə, istehsalçılar illər ərzində qızıl örtüyünün qalınlığını azaldıblar. Məqalədə qeyd olunur ki, 1980-ci illərdə bu təbəqənin qalınlığı təxminən 1 mikron olduğu halda, müasir avadanlıqlarda göstərici 0,1–0,5 mikron səviyyəsinə qədər enib. Nəticədə yeni cihazlardan əldə edilə bilən qızılın miqdarı da məhdudlaşır.
Köhnə elektronikalarda nə qədər qızıl var?
Qızılın miqdarı cihazın növündən, istehsal ilindən və istifadə olunan komponentlərdən asılıdır. “Phoenix Refining” şirkətinin məlumatlarına əsasən, 1990-cı illərə aid bəzi kompüter platalarından 1–5 qram qızıl əldə etmək mümkün ola bilər. Müasir smartfonlarda isə qızılın miqdarı təxminən 0,034 qram təşkil edir.
Lakin bu rəqəmlər bütün cihazlara şamil edilə bilməz. “Pentium 4” prosessorları üzərində aparılan təcrübə də elektron hissələrdəki qiymətli metalın miqdarının məhdud olduğunu göstərir.
Evdə qızıl çıxarmaq təhlükəlidir
Elektron tullantılardan qızılın ayrılması zamanı istifadə olunan kimyəvi maddələr insan sağlamlığı və ətraf mühit üçün ciddi təhlükə yarada bilər. Proses zamanı zəhərli qazlar və xüsusi qaydada zərərsizləşdirilməli olan tullantılar əmələ gələ bilər.
Bundan başqa, təhlükəsiz emal üçün xüsusi avadanlıq, uyğun havalandırma sistemi və kimyəvi maddələrə davamlı qoruyucu vasitələr tələb olunur. Bu xərclər isə əldə edilən qızılın dəyərini üstələyə bilər.
Beləliklə, köhnə prosessorlardan ev şəraitində qızıl çıxarmaq həm iqtisadi baxımdan səmərəsiz, həm də təhlükəli ola bilər. İstifadə olunmayan elektron hissələrin peşəkar təkrar emal müəssisələrinə təhvil verilməsi qiymətli metalların daha təhlükəsiz şəkildə geri qaytarılmasına imkan yaradır.
Samir


