Qatlana bilən telefonların daxili ekranına niyə qoruyucu şüşə taxmaq olmaz?

TEXNO
10:31 / 20.10.2026
85

Qatlana bilən telefonların daxili ekranları adi smartfonlardan fərqli quruluşa malik olduğundan onların qorunması xüsusi diqqət tələb edir. Bu cihazların xarici ekranına qoruyucu şüşə taxmaq, adətən, problem yaratmır. Lakin daxili ekrana əlavə qoruyucu qat yapışdırmaq və zavodda tətbiq olunan filmi çıxarmaq ekranın zədələnməsinə səbəb ola bilər.

HİT.az xəbər verir ki, adi smartfonların ekranlarında sərt və davamlı şüşədən istifadə edildiyi halda, qatlana bilən telefonların daxili ekranları dəfələrlə açılıb-bağlanmağa uyğun elastik təbəqələrdən hazırlanır. Bu həssas səthi qorumaq üçün istehsalçılar cihazlara zavod şəraitində xüsusi qoruyucu film yerləşdirirlər.

Məqalədə Samsung Galaxy Z Fold8 və Apple iPhone Duo modelləri nümunə göstərilir. Bildirilir ki, bu telefonların daxili ekranlarında istifadə olunan qoruyucu təbəqələr xüsusi quruluşa malikdir və onları istifadəçinin özü tərəfindən dəyişdirməsi risklidir. Əlavə qoruyucunun materialı və qalınlığı ekranın qatlanma mexanizminə uyğun gəlmədikdə zədələnmə baş verə bilər.

Zavodda quraşdırılmış qoruyucu filmi çıxarmaq da təhlükəlidir. İlk Samsung Galaxy Fold modellərinin istifadəyə verildiyi dövrdə bəzi istifadəçilər bu təbəqəni adi qablaşdırma filmi hesab edərək çıxarmış, nəticədə ekran nasazlıqları ilə üzləşmişdilər. Buna görə də istehsalçılar daxili ekranın qoruyucusunun dəyişdirilməsi zərurəti yarandıqda səlahiyyətli servisə müraciət etməyi tövsiyə edirlər.

Xarici ekran isə fərqli quruluşa malik olduğundan ona uyğun qoruyucu şüşə taxmaq mümkündür. Bununla belə, qatlana bilən telefonların daxili ekranı üçün əsas təhlükə təkcə cızıqlar deyil. Menteşə və qatlanma hissəsinə daxil olan toz və qum hissəcikləri cihaz bağlanarkən ekranın həssas səthinə təzyiq göstərə və zədələnməyə yol aça bilər.

Məqalədə qeyd olunur ki, Samsung Galaxy Z Fold8 IP48, Apple iPhone Duo isə IP68 qorunma sertifikatı ilə təqdim edilir. Lakin bu göstəricilər telefonların bütün şəraitlərdə zədələnməyəcəyinə zəmanət vermir. Xüsusilə xırda hissəciklər və istifadə nəticəsində qoruyucu xüsusiyyətlərin zəifləməsi risk yarada bilər.

Beləliklə, qatlana bilən telefonların daxili ekranını qorumağın ən təhlükəsiz yolu zavodda quraşdırılmış filmi çıxarmamaq, dəyişdirilmə zərurəti yarandıqda servisə müraciət etmək və menteşə hissəsini də qoruyan uyğun üzlükdən istifadə etməkdir.

Samir

0