İnternetə qoşulan videokameralar kibercinayətkarlar tərəfindən ələ keçirilərək iri şirkətlərə və onlayn resurslara qarşı DDoS hücumlarında istifadə oluna bilər. Mütəxəssislər bu cür cihazların təhlükəsizliyinin təmin edilməsinin vacibliyinə diqqət çəkirlər.
HİT.az xəbər verir ki, bu barədə “Zecurion” şirkətinin baş direktoru Aleksey Rayevski “Qovorit Moskva” radiosunun efirində danışıb.
Ekspertin sözlərinə görə, sındırılmış videokameralar botnet adlanan şəbəkələrə birləşdirilə bilər. Belə şəbəkələr vasitəsilə hücumçular internet resurslarına həddindən artıq sorğu göndərərək onların fəaliyyətini ləngidir və ya tamamilə dayandırırlar.
Rayevski həmçinin videokameralardan əldə edilən məlumatların İranın ali rəhbərliyinin yerləşdiyi yerin müəyyənləşdirilməsində istifadə oluna biləcəyi barədə yayılan məlumatlara da toxunub. Onun sözlərinə görə, bu cür məlumatlar şəxsin yerini müəyyənləşdirmək və ona zərbə endirmək üçün istifadə edilmiş ola bilər.
Qeyd edək ki, Rusiyada 2026-cı ilin ilk doqquz ayında DDoS hücumlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 65 faiz azalıb. Bununla belə, hücumların maksimal gücü 67 faiz artıb. Ən uzun hücum isə yeddi gün davam edib.
Ən böyük azalma dövlət sektorunda və birbaşa istehlakçılarla işləyən şirkətlər arasında qeydə alınıb. Hər iki sahədə belə insidentlərin sayı iki dəfədən çox azalıb.
Samir


