Çin alimləri beynin fəaliyyətini heyvanlar hərəkət edərkən belə izləməyə imkan verən, cəmi 1 qram çəkisində simsiz cihaz hazırlayıblar. “Airscope” adlı qurğu eyni vaxtda 8 500-dən çox neyronun aktivliyini qeydə almağa imkan verir. Yeni texnologiya beynin işləmə mexanizmlərinin öyrənilməsində, gələcəkdə isə bəzi nevroloji və digər xəstəliklərin araşdırılmasında istifadə oluna bilər.
HİT.az xəbər verir ki, “South China Morning Post”un yaydığı məlumata görə, cihaz Çinin Tsinxua Universitetinin alimləri tərəfindən hazırlanıb. “Airscope” optik mezoskop adlanan qurğular kateqoriyasına daxildir və nisbətən geniş toxuma sahəsində ayrı-ayrı hüceyrələrin fəaliyyətini müşahidə etməyə imkan verir.
Cihazın əsas üstünlüklərindən biri onun heyvanın başını hərəkətsiz saxlamağa və iri kabellərə qoşulmağa ehtiyac yaratmamasıdır. Tədqiqatçılar ənənəvi masaüstü mikroskoplarla müqayisədə sistemin həcmini təxminən 100 min dəfə kiçildərək neyron siqnallarının qeydə alınmasında oxşar keyfiyyəti qoruyublar. Qurğuda iki meqapiksellik təsvir sensorundan və simsiz məlumat ötürmə sistemindən istifadə edilib. Linzaların quruluşunun optimallaşdırılmasında süni intellektdən, görüntülərin təhlilində isə kompüter görməsi alqoritmlərindən yararlanılıb.
Təcrübələr zamanı cihaz siçanların başına bərkidilib və onların maneələr, sığınacaqlar və tunellərlə təchiz olunmuş mühitdə sərbəst hərəkət etməsinə imkan verilib. Bu zaman alimlər heyvanların beyin qabığında 8 500-dən çox ayrı neyronun aktivliyini eyni vaxtda qeydə ala biliblər.
Əldə olunan məlumatlar neyron şəbəkələrinin fəaliyyəti ilə siçanların sosial davranışları arasındakı əlaqəni araşdırmağa şərait yaradıb. Tədqiqat qrupu gələcəkdə emosiyalar və sosial qarşılıqlı əlaqələrlə bağlı beyin mexanizmlərini öyrənməyi planlaşdırır. Bu araşdırmalar depressiya kimi vəziyyətlərin daha yaxşı anlaşılmasına töhfə verə bilər.
Alimlər hesab edirlər ki, texnologiyanın tətbiq imkanları yalnız neyrobiologiya ilə məhdudlaşmır. Gələcəkdə oxşar görüntüləmə sistemləri immunoloji və onkoloji xəstəliklərin inkişaf mexanizmlərinin araşdırılmasında da istifadə oluna bilər. Bununla belə, bu istiqamətlərdə tətbiq imkanlarının təsdiqlənməsi üçün əlavə tədqiqatlara ehtiyac var.
Samir


