"Yandex" şirkəti "ağıllı" televizorlar üçün multimedia platforması təqdim edib. Həll vahid interfeysdə efir telekanallarına baxmağa və bütün "Smart TV" imkanlarından istifadəyə imkan verir.
"3DNews" resursu yazır ki, ümumi interfeys sayəsində istifadəçilər müxtəlif kontent mənbələri arasında keçid etmədən internetdə telekanal, film, serial və videoları seyr edə biləcəklər.
Həllin əsasını "Android" əməliyyat sistemi təşkil edir. Həmçinin rahat axtarış vasitələri nəzərdə tutulub, eləcə də sorğuların səslə daxil edilməsi dəstəklənir. Axtarışı ad, janr və ya aktyor üzrə aparmaq mümkündür.
"Yandex" platformalı televizorlarda "YouTube" videolarına baxmaq olar. Tamaşaçılar, həmçinin "Ivi", "Megogo", "Okko", "Tvigle" və "TVzavr" onlayn kinoteatrlarının əlavələrindən yararlanacaqlar.
Platformanın daha bir faydalı imkanı valideyn nəzarət vasitələridir. Valideynlər internetdə film, veriliş və videolardan istifadəni məhdudlaşdıra bilərlər. Məsələn, 12 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulan kontenti PİN kod vasitəsilə qorumaq mümkündür.
Yeni platforma artıq "DEXP" televizorlarında istifadəyə verilib, yaxın gələcəkdə isə "Hyundai", "Leff", "AMCV", "YUNO" və digər brendlərin televizorlarında əlçatan olacaq. // ICTnews