"SM-N986U" model nömrəli "Samsung" smartfonu bu yaxınlarda "Bluetooth SIG" təşkilatında sertifikasiyadan keçib. Bu, smartfonun satışa "Samsung Galaxy Note 20 Ultra" adı ilə çıxarılacağından xəbər verir.
Hit.Az ictnews.az-a istinadən bildirir ki, "Samsung" şirkəti tərəfindən ötənilki "Galaxy Note 10" və "Galaxy Note 10 plus" modellərini əvəzləyəcək "Galaxy Note 20" seriyası avqustda təqdim ediləcək. Şayiələrə görə, buraxılışı gözlənilən smartfonlar "Galaxy Note 20" və "Galaxy Note 20 plus" adları ilə işıq üzü görəcək. İndiyədək "Galaxy Note 20 Ultra" modelinin internetdə fotoşəkili dərc edilməmişdi.
Bildirilir ki, "Galaxy Note 20 Ultra" üçün "Bluetooth" sertifikatlaşdırması "Bluetooth 5.0" dəstəyini təsdiq etməklə onun xüsusiyyətləri barədə ətraflı məlumat vermir. Populyar internet informatorunun fikrincə, smartfon "Snapdragon 865 plus" prosessoru əsasında yaradıla bilər. Lakin bununla yanaşı, "Bluetooth SIG" məlumat bazasında mümkün səhvə yol verilməsinə görə smartfonun "Galaxy Note 20 plus" adlanacağı istisna olunmur.
Yeni qurğunun 120 QHs takt tezlikli yeniləmə dəstəyi ilə "FullHD plus" təsvir ölçülü 6,9 düym diaqonallı ekran, eləcə də quraşdırılmış daktiloskopik sensor ilə təchiz ediləcəyi gözlənilir. Smartfonun operativ yaddaş tutumu 16 giqabayt, quraşdırılmış yaddaşı 512 giqabayt təşkil edəcək.