Müharibənin turizmə təsiri: “Biletlər bahalaşıb”

TURİZM
11:09 / 05.03.2026
128

“Son günlərdə İranda davam edən hərbi gərginlik Yaxın Şərq regionunda turizm sektoruna ciddi və sistemli təsirlər yaratmaqdadır”.  

Bu sözləri turizm üzrə ekspert Rəhman Quliyev Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, mövcud müharibə vəziyyəti birinci növbədə beynəlxalq səyahət axınında kəskin azalmaya gətirib çıxarıb:
“Çünki turizm sektoru təhlükəsizlik baxımından ən həssas sahələrdən biridir. Bu səbəbdən də hərbi risklərin artması və hava məkanlarına məhdudiyyətlərin tətbiq edilməsi turistlərin qərarvermə prosesinə birbaşa təsir göstərən faktordur”.


Ekspertin sözlərinə görə, son günlərdə region üzrə bir çox istiqamətlərdə rezervasiyaların azalması və turların ləğvi müşahidə olunur:
“Nəzərə almaq lazımdır ki, münaqişənin təsiri təkcə İranla məhdudlaşmır. Yaşanılan geosiyasi gərginlik fonunda turistlər bütün regionu riskli zona kimi qiymətləndirirlər. Bu isə öz növbəsində qonşu ölkələrdə də hotel doluluq səviyyəsinin azalmasına, aviadaşımaların zəifləməsinə və xidmət sektorunda gəlir itkisinə gətirib çıxarır”. 

Rəhman Quliyev qeyd edib ki, enerji bazarında baş verən bahalılıq aviasiya yanacağının qiymətlərinin artmasına səbəb olur:
“Həmçinin, təhlükəsiz uçuş üçün trayektoriyanı dəyişib uzun məsafə qət etmək də aviabiletlərin bahalaşması ilə nəticələnir. Bütün bunların fonunda isə beynəlxalq səyahət xərcləri artır, turizmə olan tələbat isə azalır. Bunların hamısı qısamüddətli perspektivdə region üzrə turist axınının əhəmiyyətli dərəcədə azalacağını deməyə əsas verir”.

Həmsöhbətimiz fikirlərini belə yekunlaşdırıb: 
“Hesab edirəm ki, uzunmüddətli təsirin miqyası münaqişənin davametmə müddətindən və siyasi sabitliyin nə qədər tez bərpa olunacağından asılı olacaq. Tarixi təcrübə göstərir ki, sabitlik və təhlükəsizlik təmin edildikdən sonra turizm sektoru mərhələli şəkildə bərpa oluna bilər. Buna baxmayaraq, mövcud şəraitdə turizm sənayensinin işçiləri yüksək risk və qeyri-müəyyənlik mühitində işləməyə məcburdurlar”.

Pərviz
 

0