“Azərbaycanda turizm sahəsi illərdir sürətlə inkişaf edir”.
Bu sözləri turizm eksperti Rəhman Quliyev Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, müəyyən səbəbləri nəzərə almasaq, ölkə turizmində 2015-ci ildən indiyə kimi böyük sıçrayışlar olub:
“Bu inkişaf insan amili və insan resursları üzərində qurularaq əldə olunub. Yəni burada süni intellektin hər hansısa rolu olmayıb. Lakin bu gün bəziləri süni intellektin turizmin inkişafında rol oynayacağını deyir. Mən isə qətiyyən bu fikirdə deyiləm. İnsanlar da buna aldanmamalıdırlar”.
Ekspert qeyd edib ki, süni intellekt bütün informasiyanı internet bazasından götürür:
“Əlbəttə ki, burada böyük yanlışlıqlar və səhv məlumatlar da ola bilər. Hətta bəzi dələduzlar insanları aldadıcı və şirinləşdirici qiymətlərlə süni intellekti müxtəlif sosial şəbəkələrdə müştərilərə təklif edirlər. Nəzərə alaq ki, süni intellektin bütün informasiya bazası internet üzərində qurulub. Belə olan halda istər-istəməz həmin bazadan materialı götürür və sifarişə uyğun olaraq müştəriyə çatdırır. Üstəlik, süni intellektin insanlara verdiyi məlumatın doğruluğuna kimsə zəmanət verə bilməz”.
Mütəxəssis vurğulayıb ki, müasir dünyada hətta tarix də saxtalaşdırılaraq internetə yazılıb:
“Bir çox tarixi hadisə ilə bağlı isə internetdə dəqiq informasiya mövcud deyil. Belə olan halda süni intellekt bunu haradan əldə edəcək? O da saxtalaşdırılmış tarixdən bir sitat gətirib insanlara çatdıracaq. Bu, turizmə də aiddir. İnternetə saxta məlumatlar yerləşdirən çox sayda “turizmçi” var. Nəticədə, süni intellekt də o saxta informasiyanı həmin bazalardan götürüb insanlara ötürəcək. Ona görə də ən yaxşısı vətəndaşların sağlam turizm şirkətləri ilə əməkdaşlıq etmələridir. Hər kəsə birbaşa olaraq turizm şirkətlərinin ofisinə yaxınlaşaraq məlumatı orada əldə etmələrini tövsiyə edirəm”.
Pərviz



