Kənd turizminə maraq ARTIB

TURİZM
13:00 / 09.04.2026
142

“Son illərdə istər xaricdə, istərsə də ölkədə turistlərin əksəriyyəti artıq populyar şəhərlərə deyil, az insanın məskunlaşdığı kəndlərə daha çox üz tuturlar”.

Bu sözləri turizm ekspeti Ceyhun Aşurov Hit.az-a açıqlamasında deyib.

O, bunun səbəblərindən danışıb:


“Koronavirus pandemiyasından sonrakı dövrdə insanların təbiətlə yaxınlaşmasına daha çox ehtiyac yarandı. Çox sıx məskunlaşmış ərazilərdən kəndlərə, kənd evlərinə maraq artmağa başladı. O dövrdən indiyə kimi əsas trendlər dəyişib. Artıq ekoturizm, kənd evləri və kənd-yaşıl turizmi inkişaf edir. Bu istiqamətlər daha çox populyarlaşmağa başlayıb”.

Ekspert bildirib ki, insanlar sanki təbiətdən, ətraf mühitdən ayrı qalıb, sənayenin sıx urbanizasiya olunmuş şəhərlərin və sıx əhalisi olan yerlərdə yaşadıqlarının fərqində olublar:
“İnsanlar koronavirusdan sonrakı dövrdə məhz yaşıllıqlarla bol olan və yaxud da su hövzəsinə yaxın olan yerlərə meyllənməyə başlayıblar. Bu həm daxili tələbatdan ehtiyac yaranması, həm də artıq bu istiqamətin daha çox paylaşılması və təbliğ olunması nəticəsində baş verib”.

Həmsöhbətimiz vurğulayıb ki, hazırda Azərbaycanda kənd evləri çox populyardır:
“Hətta kənd evlərinin sayının artırılması ilə bağlı dövlət proqramı var idi. İqtisadiyyat Nazirliyi, Dövlət Turizm Agentliyi, KOBİA ilə bir yerdə müxtəlif layihələr həyata keçirirdilər ki, kənd evlərinin sayı artsın. Bu həm də regionda əhalinin gəlirliliyinin artırılması, məşğulluğun təmin olunması üçün də faydalıdır. 


Şəhər əhalisi kəndlərə gedərək ordakı əhaliyə də maddi olaraq fayda verir. Həmçinin, kənd yerlərində də artıq daha çox turizm elementləri hiss olunur. Nəticədə, kənddə yeri və ya evi olanlar onun müəyyən hissəsini icarəyə verməklə maddi gəlir əldə edir. Əlbəttə ki, bu da onların ümumi rifaha müsbət təsir göstərir”.

Pərviz

0