Dünyada baş verən dəyişikliklər turizm sahəsinədə təsir edərək insanların səfər planlarını daha çevik şəkildə qurmasına imkan yaradıb.
Belə ki, əvvəllər insanlar ailələri və ya dostları ilə səyahətlərə üstünlük verirdilər. Lakin son zamanlarda bu ənənə dəyişib. Artıq tək səyahət edən insanların sayı nəzərəçarpacaq dərəcədə artıb. Yəni insanlar daha çox müstəqil şəkildə səyahət etməyə üstünlük verirlər. Bu isə fərdi səfərlərin turizm sahəsində getdikcə daha populyarlaşdığını göstərir.
Bəs bu vəziyyətə səbəb nədir? İnsanlar nə üçün səyahətlərə tək çıxmaq istəyirlər?
Mövzu ilə bağlı turizm eksperti Ceyhun Aşurov Hit.az-a açıqlamasında bildirib ki, internetin geniş yayılması ilə turizmin rəqəmsal çevrilməsi və insanların səyahət planlarını daha sərbəst, asan və fərdi şəkildə etməsini asanlaşıb:
“Son dövrlər internetin daha çox yayılması ilə əlaqədar olaraq, insanlar səyahətlərini özləri müəyyən edirlər və bu çox rahat olur. Yeni yaradılan platformalar buna daha çox imkan yaradır. İnternet vasitəsi ilə turizm şirkətlərinin rəqəmsal formatda insanların qarşısına çıxması onların tək səyahət etmə qərarlarına təsir göstərir”.
Ekspert qeyd edib ki, qrup turlarından fərqli olaraq fərdi səyahətlər daha çox üstünlük qazanıb:
“Artıq təyyərə biletindən tutmuş hər hansı bir turizm marşurutu, avtomobillərin icarə olunması, qalma yerlərinin seçilməsi və s. kimi amillərin hamısını harasa getmədən rahat bir şəkil də etmək olur. Hətta smartfondan belə bütün bunları hazır edib istənilən yerə səyahət edə bilirlər. Səyahət imkanlarının artması da elə bir şərait yaradır ki, insanlar istər ölkə daxilinə, istərsə də ölkə xaricinə səfər edir. Son trendlərdən olsa da, əvvəl daha çox qrup turlarında səyahət edirdilərsə, indi tək səyahətlərin sayı artıb".
Ceyhun Aşurov vurğulayıb ki, səyahət vərdişləri dəyişərək qısa, lakin daha tez-tez səfərlərə doğru yönəlib:
“Əgər 10 il əvvəl insanlar ildə bir dəfə daha uzun müddətli səyahət edirdilərsə, son vaxtlar artıq daha çox ildə bir neçə dəfə daha qısamüddətli səyahətlərə üstünlük verirlər. Eyni zamanda, bütün bunların formalaşmasında sosial şəbəkələrin genişlənməsi də, xüsusən insanların paylaşımları da xüsusi stimullaşdırıcı rol oynayır”.
Arzu İbrəhimova



