ABŞ-da Fələstin tərəfdarı nümayişçilərin arxasında Baydenin dəstəkçisi olan milyarderlər dayanır

DÜNYA
11:32 / 06.05.2024
161

ABŞ-da Fələstin tərəfdarı nümayişlər təşkil edən bəzi qruplar ABŞ prezidenti Co Baydenin ən böyük donorlarından, o cümlədən Corc Soros, Bill Qeyts, Devid Rokfeller və başqaları kimi varlı şəxslərdən maliyyə dəstəyi alır.

HİT.az xəbər verir ki, bu barədə "Politico" öz təhlilinə istinadən yazıb.

Prezident Co Bayden onu "soyqırım Co" adlandıran Fələstin tərəfdarı etirazçılar tərəfindən aylardır təqib olunur, lakin nümayişlərin arxasındakı qrupların bəziləri onun yenidən seçilməsinə inamla kömək edən xeyriyyəçilərdən maliyyə dəstəyi alırlar. "Politico"nun təhlilinə görə, Demokratik dairələrdəki adlar: Qeyts, Soros, Rokfeller, Pritzker və başqa şəxslərdir.

Qeyd edilir ki, Kolumbiya Universitetində və digər universitetlərdə keçirilən etiraz aksiyalarının təşəbbüskarlarından biri Sülh Naminə Yəhudi Səsi və "IfNotNow" təşkilatlarıdır. Nəşr göstərir ki, onlar Tides Fondu tərəfindən dəstəklənir, o da öz növbəsində Soros, Bill və Melinda Qeyts Fondundan maliyyə alır.

Qəzetin yazdığına görə, Rokfeller Qardaşları Fondunun İdarə Heyətində oturan Rokfeller 2022-ci ildə Tides Fonduna 300 min dollar verib. Nəşr vergi bəyannamələrinə istinad edərək yazır ki, Tides son beş ildə özünü anti-sionist adlandıran JVP-yə təxminən 500 min dollar verib.

Qəzet əlavə edir ki, Fələstin tərəfdarı etirazlarda iştirak edən bir neçə digər qrup "Hyatt Otel" imperiyasının varisləri olan Susan və Nik Pritzker tərəfindən maliyyələşdirilən bir fond tərəfindən dəstəklənir.

Amerikanın nüfuzlu universitetlərinin kampusları son günlər İsrailin Qəzza zolağında çoxlu mülki fələstinlinin ölümü ilə nəticələnən əməliyyatı və Vaşinqtonun Yaxın Şərqdəki əsas müttəfiqinə yardımı ilə bağlı qəzəbin episentrinə çevrilib. Etirazlar ABŞ-ın İsrailə yeni yardım paketini təsdiqləməsi fonunda güclənib.

Samir

0