Ərdoğan İsrailə təzyiqi hər vasitə ilə artıracağına söz verdi

DÜNYA
17:50 / 06.05.2024
141

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin İsrailə təzyiqi hər cür mümkün vasitələrlə artıracağını bildirib. 

HİT.az xəbər verir ki, onun sözlərinə görə, Ankara Təl-Əviv administrasiyasının qanun qarşısında cavab verməsi üçün hər şeyi etməyə davam edəcək.

"Getdikcə qaniçən olan İsraili atəşi dayandırmağa məcbur etmək üçün təzyiqləri artırırıq. 35 min bacı-qardaşın həyatına qəsd edənlərin qanun qarşısında cavab verməsini təmin etmək üçün bütün imkanlarımızdan istifadə edəcəyik", deyə Türkiyə lideri bildirib.

Ərdoğan həmçinin xatırladıb ki, Türkiyə keçən həftə bütün mal qrupları üzrə İsraillə ixrac-idxal əməliyyatlarını dayandırıb. Mayın 2-də Türkiyənin Ticarət Nazirliyi İsraillə ticarətin tamamilə dayandırıldığını təsdiqləyib.

Türkiyə ticarət idarəsinin rəhbəri Ömər Bolat iki ölkə arasında ticarətin bərpası üçün şərtləri açıqlayıb. Onun sözlərinə görə, bunun baş verməsi üçün İsrail hakimiyyəti öz hərbçilərinə Qəzzada atəşi dayandırmağı əmr etməli və fələstinlilər üçün bölgəyə humanitar yüklərin maneəsiz çatdırılmasını təmin etməlidir.

Samir

0