Taksilərlə bağlı yeni qərar: Qiymətlər artacaq?

İQTİSADİYYAT
18:41 / 09.05.2024
207

Azərbaycanda qanunvericiliyin tələbinə uyğun olaraq taksi sayına məhdudiyyət qoyula bilər. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. 

Qeyd olunub ki, taksi sahəsində sərnişindaşımaların optimallaşdırılması məqsədilə taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin və onların əlavələrinin sayına məhdudiyyətlər tətbiq edilə bilər. Sözügedən açıqlama isə cəmiyyətdə bir sıra müzakirələrə səbəb olub. Bəzi vətəndaşlar taksilərin sayında məhdudlaşdırmanın tətbiq ediləcəyi təqdirdə, gedişhaqqının bahalaşacağını düşünür. 

Bəs qiymət artımı həqiqətən gözlənilirmi? 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, hazırda təklif tələbi ödəyir və ciddi qiymət artımı gözlənilmir: 

“Taksilərlə bağlı kifayət qədər tələb olduğu üçün məhdudiyyətin tətbiq ediləcəyini düşünmürəm. Burada söhbət tələb-təklifdən gedir. Düzdü, adətən hər bir panika halında bahalaşma olur. Xüsusi olaraq, bəzi işbazlar taksilərin azalması xəbərini bəhanə edərək, qiymətləri qaldırmağa çalışacaq. Amma tələb və təklif gəldikdə ciddi bahalaşmanın olması inandırıcı deyil. Birinci növbədə bugünkü gündə avtomobil parkında kifayət qədər maşın var. Bunlar taksi fəaliyyəti üçün xüsusi çəkiyə, paya malikdir”. 

Ekspert gələcəkdə ölkədə taksilərlə bağlı yeni xidmətlərin yaradıla biləcəyini istisna etməyib:

“Digər bir tərəfdən bahalaşmanı səciyyəvi edəcək təklifin tələbdən az olmasından söhbət gedə bilməz. Tələb var, təklif də ona uyğun şəkildə olacaq. Burada say etibarı ilə təbii ki, şirkətlərlə əməkdaşlıq edən avtomobillərdən söhbət gedə bilər. Amma tələb və təkliflərin qarşılıqlı təmasında bahalaşma olacağı real görünmür. Əksinə, bu gün Azərbaycanda kifayət qədər avtomobil parkı var ki, onlar gözləmə mövqeyindədir. Avtomobillər yetərincə çox olduğu üçün gələcəkdə taksi sahəsində yeni xidmətlərin yaranmasından söhbət gedir”. 

0