\"AstraZeneca\" qalmaqaldan sonra COVID peyvəndini çağırır

11:42 / 08.05.2024
332

"AstraZeneca" əczaçılıq şirkəti COVID-19 peyvəndinin dünya üzrə satışı və istifadəsi üçün verdiyi təsdiqləri, səbəb olduğu nadir yan təsirin qurbanları ilə hüquqi mübarizəyə görə ləğv etməyə başlayıb. 

Hit.az “The Daily Telegraph” qəzetinə istinadən xəbər verir ki,  şirkət bu addımı yalnız dərmana tələbatın azaldılması ilə bağlı kommersiya mülahizələri ilə izah edir.

Şirkətin martın 5-də verdiyi qərara əsasən, mayın 7-dən etibarən "Vaxzevria" vektor peyvəndi artıq Avropa İttifaqında istifadə oluna bilməz. Qarşıdakı aylarda Böyük Britaniya və digər ölkələrdə də dərman geri çağırılacaq.

Şirkət nümayəndələri bazarda virusun yeni variantlarından qoruya bilən daha effektiv dərmanların peyda olması ilə əlaqədar olaraq bu peyvəndi  istehsal etmədiklərini və satmadıqlarını izah ediblər.

“Biz "Vaxzevria"nın pandemiya ilə mübarizədə oynadığı rolla fəxr edirik. İstifadənin ilk ilində 6,5 milyon insanın həyatı xilas edilib və bütün dünyada 3 milyarddan çox doza göndərilib”, deyə şirkətin açıqlamasında bildirilir.

"Lakin, COVID-19 variantlarına qarşı yeni peyvəndlərin meydana çıxması ilə "Vaxzevria"ya tələbat azaldı və biz artıq bu dərmanı istehsal etmirik və ya satmırıq", deyə şirkət əlavə edib.

Əvvəllər "AstraZeneca" etiraf etmişdi ki, onun COVID peyvəndi qan laxtalanmasına səbəb ola bilər.

Samir

0