"COP29 əleyhinə aparılan kampaniya ilə heç nəyə nail ola bilməyəcəklər" - ŞƏRH

COP29
10:15 / 23.10.2024
691

"COP29-un Azərbaycanda keçirilməsinə qərar veriləndə onun əleyhinə başladılan kampaniya indi də gücləndirilmiş şəkildə davam etdirilir".

Bu sözləri siyasi şərhçi Aydın Quliyev Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, bu mötəbər tədbirə Azərbaycanın ev sahibliyi etməsinə qısqanclıqla yanaşan qüvvələr yenə də öz mövqelərində qalırlar:

360647
"Onlar bilirlər ki, COP29-un uğurla keçirilməsi Azərbaycanın dünyadakı mövqeyinə və beynəlxalq imicinə daha müsbət təsir göstərəcək. Bu səbəbdən də bəzi Qərb dairələri öz narahatlıqlarını gizlədə bilmirlər".

Ekspert qeyd edib ki, dünyanın enerji məsələsində yeni mərhələyə qədəm qoymuşuq:

"Qazıntı yanacaqlarının miqyasının mümkün qədər azaldılması və daha çox alternativ enerji mənbələrinə müraciət edilməsi hazırda dünyanın əsas transformasiya xəttidir. Dünya dövlətləri bu xəttə getdikcə daha çox uyuşmağa məcburdurlar. 

Çünki dünya ölkələri Yer kürəsinin taleyi üçün qazıntı yanacaqlarından getdikcə imtinası və alternativ enerji mənbələrinin daha çox istifadə olunması məsələsi üzərinə fokuslanıb".

Aydın Quliyev vurğulayıb ki, Azərbaycan da dünyanın enerji transformasiyasına COP29-la birlikdə çox önəmli qərarlar təqdim edə bilər:
"Sözügedən konfransda dünya dövlətlərinin qlobal forumu yaradıla bilər. Eyni zamanda, iqlim dəyişmələrinin mənfi nəticələrinin azaldılması üçün ölkələrin səylərinin daha çox birləşdirilməsi və öhdəliklərinin müəyyən olunması mümkündür. 

Bütün bunların həyata keçməsində imzalanacaq Bakı sazişi çox əhəmiyyətli rola malik ola bilər. Yəni Azərbaycan COP29-u uğurla keçirərək dünyanın indiki enerji transformasiyası sahəsində rolunu xeyli dərəcədə artıracaq".

Politoloq onu da diqqətə çatdırıb ki, bəzi qüvvələr isə bundan narahatdırlar:

"Onlar, dünyanın yeni mərhələsində Azərbaycanın güclü və təsir imkanlarına malik olmasını həzm edə bilmirlər. Ona görə də COP29 əleyhinə kampaniyaları daha da gücləndirməyə başlayıblar. Lakin belə qarayaxma kampaniyaları aparmaqla heç nəyə nail ola bilməyəcəklər".

Pərviz

0