Dünya Putini necə cəzalandıra bilər? - Nürnberq məhkəməsinin sağ qalan sonuncu prokuroru

DÜNYA
16:00 / 16.04.2022
1911
"Vladimir Putin Rusiyanın Ukraynaya hərbi təcavüzünə və rus işğalçılarının cinayətlərinə görə cavabdeh ola bilər".
 
Qaynarinfo CNN telekanalına istinadən xəbər verir ki, bu sözləri Nürnberq məhkəməsinin sağ qalan sonuncu prokuroru, amerikalı hüquqşünas Benjamin Ferenk deyib.
 
"Əlbəttə, o, məsuliyyətə cəlb oluna bilər. Uşaqların, onların valideynlərinin qətlinə haqq qazandıracaq heç bir arqument yoxdur. Biz bilirik ki, insanlığa qarşı cinayətlər təkcə Nürnberqdə deyil, ondan sonra da bir çox məhkəmələrdə cəzalandırılıb. Ortada təcavüz faktı var. Ukraynanın işğalı açıq-aşkar təcavüz aktı kimi təsnif edilə bilər və qətl həmişə insanlığa qarşı cinayət hesab olunub. Ona görə də bu cinayətlərin müəyyən edilməsində heç bir çətinlik yoxdur, məsuliyyət daşıyanlar məsuliyyətə cəlb oluna bilər və Putin, əgər bütün bunların arxasında duran şəxs odursa, onun üçün məhkəmə zalını tərk etmək, şübhəsiz ki, asan olmayacaq”, deyə Ferenk bildirib.
 
"Cinayətkarlar heç vaxt məhkəməyə getmək istəmirlər, ona görə də cəmiyyət onları ya həbsə atmalı, ya mühakimə etməli və ya aradan qaldırmalıdır"
 
Benjamin Ferenk 
 
Prokuror belə bir iclasın hansı məhkəmə zalında keçirilə biləcəyi ilə bağlı sualı cavablandırarkən vurğulayıb ki, dünyada məhkəmə modellərinin qıtlığı yoxdur, lakin potensial cinayətkarı məhkəmənin yurisdiksiyasını qəbul etməyə məcbur etmək daha çətindir:
 
"Biz mövcud məhkəmələr üçün bir model yaratmışıq. Təəssüf ki, hər bir xalq düşmən saydıqları insanları öldürməmək üçün öhdəlik götürməyə hazır deyil. Deməli, bizim kifayət qədər modelimiz və kifayət qədər fərqli məhkəmələrimiz var. Yuqoslaviyada, başqa yerlərdə də cinayətlər olub. Məhkəmə modellərinin çatışmamazlığı və onları harada yerləşdirmək məsələsi ola bilər. Çətinlik onları məhkəmənin yurisdiksiyasını qəbul etməyə məcbur etməkdir. Cinayətkarlar heç vaxt məhkəməyə getmək istəmirlər, ona görə də cəmiyyət onları ya həbsə atmalı, ya mühakimə etməli və ya aradan qaldırmalıdır". 
 
"Baş verənlər artıq keçmişdəkilərə çox bənzəyir: uşaqlara güllə atılır, evlər dağıdılır. Holokostdan çox az şey öyrəndiyimizi görmək məni ağrıdır..."
 
O, həmçinin Ukraynada hərbi əməliyyatları dayandırmağa və sülh yolu ilə həll yolunu axtarmağa çağırıb:
 
"Holokostdan sonra bütün həyatım boyu irqindən və dinindən asılı olmayaraq bütün insanlar üçün dünyada sülhü və harmoniya yaratmağa çalışdım. Və biz bu istiqamətdə müəyyən irəliləyiş əldə etdik, yeni beynəlxalq cinayət məhkəmələri yaratdıq, humanitar, hüquq fənləri tədris etdik. Amma indi görürük ki, baş verənlər artıq keçmişdəkilərə çox bənzəyir: uşaqlara güllə atılır, evlər dağıdılır. Holokostdan çox az şey öyrəndiyimizi görmək məni ağrıdır... Ümid edirəm ki, biz tezliklə özümüzə gələcəyik. Mən bu döyüşlərdə iştirak edən hər kəsi atəşi dərhal dayandırmağa və bu sakit vaxtdan istifadə etməyə çağırıram. Önümüzdəki bir neçə həftə ərzində bütün aparıcı ölkələrin konfransını keçirməyə dəvət edirəm. BMT nizamnaməsi yazılan zaman nəzərdə tutulduğu kimi, sülh yolu ilə həll taılmalıdır".
 
Ferenk amerikalı general, sabiq prezident Dvayt Eyzenhaverdən sitat gətirib:
 
"O, Birləşmiş Ştatların prezidentliyindən gedəndə dedi: "Biz artıq gücə arxalana bilmərik. Sivilizasiya yaşamaq istəyirsə, qanunun aliliyinə üz tutmalıdır". Bu sözlər mənim yol göstərən çırağım idi. Onun bütün dünyaya ötürdüyü müdrikliyə təəssüf ki, bu gün diqqətdən kənarda qalır".
 
Benjamin Ferenk bundan əvvəl deyib ki, Putin, onun göstərişi ilə Ukraynada rus hərbçiləri tərəfindən törədilən insanlığa qarşı cinayətlərə görə mühakimə oluna və soyqırımda təqsirli bilinən Bosniya serblərinin lideri Radovan Karadziç kimi həbs oluna bilər.
 
 
ARAYIŞ: Nürnberq Beynəlxaql Hərbi Tribunalı - 1945-ci ilin oktyabr ayında ABŞ, Böyük Britaniya, Fransa və SSRİ-nin yaratdığı məhkəmədir. Məhkəmə Almaniyanın Nürnberq şəhərində keçirildiyi üçün bu adla adlandırılıb. Məhkəmədə Nasional Sosialist Alman Fəhlə Partiyası "insanlığa qarşı cinayət, müharibə cinayəti, dünyada sülhə qarşı işlənən cinayət və müharibəyə səbəb olmaq” cinayətlərindən mühakimə edilib. Dünyada sülhə qarşı işlənən cinayətlərə qarşı ilk dəfə bu məhkəmədə iddia qaldırılıb.
 
Nürnberq məhkəməsinə hər dörd ölkə (ABŞ, Böyük Britaniya, Fransa və SSRİ) tərəfindən bir baş hakim, alternativ hakim və prokuror təyin edilib. 
 
Onlar müttəhimlərə qarşı "Sülhə qarşı işlənən cinayətə və ya sui-qəsddə ortaq olmaq", "Sülhə qarşı döyüş icra, təcavüzkarlıq və digər cinayətləri başlamaq və planlamaq", "Müharibə cinayətləri və "İnsanlığa qarşı cinayətlər" maddələri ilə iş qaldırıb.
 
Mühakimə olunan 24 nəfərlə bağlı aşağıdakı qərarlar qəbul edilib:
 
12 nəfər ölüm hökmünə məhkum edilib
1 nəfərə 10 il həbs cəzası verilib
1 nəfərə 15 il həbs cəzası verilib
2 nəfərə 20 il həbs cəzası verilib
3 nəfər ömürlük azadlıqdan məhrum edilib
3 nəfər bəraət verilib
1 nəfər səhhətindəki problemlərə görə barəsindəki ittiham ləğv olunub
Bir nəfər nəhkəmə qərarı elan olunmadan intihar edib
 
0