ABŞ-da qanunsuz miqrant olmaq - Özbəkistan vətəndaşının həyat hekayəti

DÜNYA
21:28 / 21.04.2024
143

ABŞ-da miqrant probleminin aktuallaşdığı, hətta siyasi intriqaların əsas leytmotivlərindən birinə çevrildiyi sirr deyil. Respublikaçılar hakimiyyətdə olan demokratları bu problemi həll edə bilməməkdə qınayır və qeyd edirlər ki, Tramp yenidən hakimiyyətə gəlsə, bu problemi həll edəcək.

“Problemi həll etmək” deyərkən respublikaçılar Meksika ilə sərhədlərdə hündür divarlar tikməyi, yeraltı tunelləri qapatmağı, ölkədəki qeyri-qanuni miqrantları kütləvi şəkildə öz ölkələrinə deportasiya etməyi nəzərdə tuturlar.

Dünyada hamı elə bilir ki, Trampın gələcək administrasiyasının əsas hədəfi Cənubi Amerika ölkələrindən gələrək ABŞ-ın orqanizminə daraşanlardır. Ancaq ABŞ-da miqrantların sayını kəllə-çarxa qaldıran təkcə onlar deyil, dünya ölkələrinin çoxundan ABŞ-a qeyri-qanuni pənah aparanlar var.

Məsələn, kim təxmin edər ki, təkcə Nyu-Yorkun Bruklin yaşayış massivində 15 mindən çox etnik özbək yaşayır. Son bir neçə ildə Özbəkistandan olan ən azı 13 min qeyri-qanuni miqrant Meksika ilə ABŞ arasındakı sərhəddə tutulub.

Özbəkistan mediasının bu mövzuda hazırladığı materialda jurnalist Özbəkistandan ABŞ-a getmiş qanunsuz miqrantla söhbət edərək, özbəkləri vətənlərini tərk etməyə nəyin məcbur etdiyini, necə yaşadıqlarını, kimə işlədiklərini və qeyri-qanuni mühacir olduqları müddətdə hansı problemləri həll etməli olduqlarını öyrənib.

Yazıda qeyd olunur ki, “Amerika arzusu”na qapılanlardan biri də şərti adı Şermat olan şəxsdir. O, ailəsi ilə təxminən üç il əvvəl ABŞ-a köçüb. Bu gün Şermat yükdaşıma logistikasında işləyir - Amerika boyunca 12 təkərli qoşquda avtomobil daşıyır. Özbək miqrant bu cür işdən olduqca razıdır, çünki yerli infrastrukturun bir sıra xüsusiyyətlərinə görə sürücülük peşəsi çox hörmətlidir.

Bəs o, niyə ABŞ-a gedib?

Bu suala cavab olaraq Şermat jurnalistə deyib ki, rahat qocalıq üçün daha çox pul qazanmaq istəyir. Bundan əvvəl o, 7 ildən çox Cənubi Koreyada tikinti sahələrində çalışıb, bir az pul yığıb, sonra işinə görə daha artıq pul ödənilən yerə getməyə qərar verib. Onun fikrincə, Amerika daha layiqli variant olub.

"O vaxta qədər orada ABŞ-a ilk gələn və vəziyyəti araşdıran dostlar var idi, buna görə də bütün müsbət və mənfi cəhətləri ölçüb-biçdikdən sonra mən də getməyə qərar verdim", - o deyib.

Əmlakını - avtomobilini, mənzilini və kiçik torpaq sahəsini satan Şermat biletləri alıb, həyat yoldaşını və uşağını da götürərək Meksikaya uçub. Orada onlar sərhədi qeyri-qanuni keçə biliblər. Onlardan keçid və ilkin yardıma görə adambaşına 20 min dollar tələb ediblər. Risk əmsalı çox böyük imiş, mümkün olan ən yaxşı nəticə cərimə və deportasiya olacaqmış, lakin geriyə dönüş olmayıb.

Meksika sərhədini keçdikdən sonra ailə Nyu-Yorka yollanıb. Şermatın orada tanışları olub və onlar bir müddət yeni miqrantları qəbul etməyə razılaşıblar.

"Biz bazar günü gəldik və bazar ertəsi artıq ilk növbəmə başladım",- deyə Şermat xatırlayır.

Həmin şəxs əvvəlcə taksi sürücüsü işləyib.

"Lisenziya almaq heç də çətin deyildi: onlar pasport tələb etmirdilər, standart sənədlər dəsti və avtomobil idarə etmək bacarığı kifayət idi", - Şermat asan iş tapmasına belə izah verib.

Qeyd edək ki, Amerikanın bəzi ştatlarında sürücülük vəsiqəsi almaq üçün şəxsdən pasport, yaşıl kart və ya STN (sosial təhlükəsizlik nömrəsi) təqdim etməsi tələb olunmur.

Ən yaxşı ssenaridə Nyu-Yorkda bir taksi sürücüsünün orta gəliri həftədə min dollardan çoxdur. Şəhərdə qaldıqları ikinci ayda ailə ev kirayələyə bilib və yavaş-yavaş vətənə - valideynlərə pul göndərməyə başlayıb.

Ancaq o, taksi sürücüsü kimi işləmək istəməyib, ona görə də internet vasitəsilə bütün ölkəyə bağlamalar çatdıran bir logistika şirkəti ilə əlaqə saxlayıb. Şirkət yaxşı maaş və rəsmi məşğulluq vəd edib. Sürücüdən yalnız vəsiqə və sürücülük qabiliyyəti tələb olunurdu.

İşin hər gecəni yük maşınının kabinəsində keçirməyi tələb etməsinə baxmayaraq, Şermat bunun əlavə pul qazanmaq və bütün şəhərləri görmək üçün yaxşı fürsət olduğuna qərar verib. Ona görə də icarə müqaviləsi bağlayıb.

“Ancaq iki aylıq işdən sonra layiqli maaş alınmadı, maaşdan tutulan əsassız cərimələr, əvvəllər qeyd olunmayan bir çox başqa nüanslar üzə çıxdı”, - deyə o, paylaşıb.

Kişi işini tərk edib yeni yer axtarmağa gedib. Nəticədə məlum olub ki, miqrantlara belə münasibət tək-tək hal deyil.

"Onlar tez-tez aldadırlar. Çox vaxt yükü verən şəxs ödənişi çatdırılmadan sonra vəd edir, sonra isə sadəcə yoxa çıxır. Məlum olur ki, onun ünvanı saxtadır. İş adamları çox vaxt insanları istədikləri kimi fırladırlar. Günlərin birində dispetçer sadəcə olaraq bir xəbər göndərir. Bir dəfə istənilməyən sürücünü hərbi bazada sifariş qəbul etməyə göndərmişdilər, onun qeyri-qanuni mühacir olduğunu öyrəniblər, barmaq izini götürüblər və onu repatriasiya məhkəməsinə aparıblar”,- Şermat qeyd edib.

Bəzən işəgötürənlər insanları qış təkərlərinin dəyişdirilməsi üçün pul ödəmədən həddindən artıq işləməyə və buzlu yollarda maşın sürməyə məcbur edirlər. Qanunsuz miqrantlar isə hüquqlarını qorumaq üçün heç bir dövlət qurumuna müraciət edə bilmirlər.

“Qeyri-qanuni miqrant olmaq daimi deportasiya qorxusu ilə yaşamaq deməkdir, əvvəlcə çox qorxurdum, indi daha az qorxuram, amma yenə də bir patrul məntəqəsi və ya sərhəd xidmətlərinin olub olmadığını bilmək üçün marşrutları iki dəfə yoxlayıram”, - Şermat bildirib.

Qeyri-qanuni status əsas ehtiyaclara da təsir edir. Məsələn, onlar üçün tibbi sığorta almaq çox çətindir və bunsuz başağrısı şikayəti ilə həkimin yanına getmək külli miqdarda xərc aparır.

“Təhsil məsələsində isə bunun əksi doğrudur – miqrasiya statusundan asılı olmayaraq, uşaq təhlükəsiz şəkildə məktəbə gedə bilər, hər halda, mən övladıma sakit yanaşıram”, - Şermat bu məsələdən razılığını dilə gətirib.

İndi leqallaşdırma məsələsi Şermat üçün çox aktualdır – barmaq ilişdirmək üçün boşluqlar azdır və bu, işi çətinləşdirir. Amma ümid ən sonda ölür, ona görə də Şermat gələcəyə nikbinliklə baxır.

Tramp hakimiyyətə gələrək onun kimi yüz minlərlə insanın arzusunu puç etməsə, qanunsuz miqrantlar birtəhər Amerikaya yerləşəcəklər.

Araz Altaylı
Mənbə: Musavat.com

0