Borca görə sevgilisinə qəsd edən qadına hökm oxundu - VİDEO

HADİSƏ
17:53 / 06.06.2023
866

2018-ci il oktyabrın 20-də saat 22 radələrində Xırdalan şəhəri, Heydər Əliyev parkında xidmətdə olarkən Abşeron Rayon Polis İdarəsinin əməkdaşları yerdə uzanıqlı vəziyyətdə naməlum şəxsin meyitini aşkar ediblər.

Araşdırma zamanı məlum olub ki, öldürülən şəxs Ramiz Hüseynovdur. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Ramiz Hüseynovun ölümünə ürəyin yaralanmasından törənən kəskin qanitirmə səbəb olub. 2 gün sonra şübhəli şəxs qismində saxlanılan Bakı şəhər sakini Günel Qasımova barəsində həbs qətimkan tədbiri seçilib. Məlum olub ki, G.Qasımova 2010-cu ildə Daxili İşlər Nazirliyində inspektor vəzifəsində çalışıb və 2016-cı il yanvarın 13-də öz ərizəsi ilə xidmətdən xaric edilib.

İstintaqla müəyyən edilib ki, G.Qasımova 2013-cü ildən sevgi münasibətində olduğu Ramiz Hüseynova 2018-ci ildə ayrı-ayrı vaxtlarda ümumilikdə 2 000 manat məbləğində borc pul verib. Həmin il oktyabrın 10-da saat 21 radələrində qadın həmin şəxsə zəng edib, Xırdalan şəhərində görüşməyi təklif edib. Yasamal rayonunda yaşadığı evdən çıxarkən həyat yoldaşı Rəhim Qasımovu aldadıb, ona rəfiqəsinin avtomobil qəzası törətməsini deyib. Daha sonra Xırdalan şəhərinin Heydər Əliyev prospektinə gəlib və R.Hüseynovla görüşüb. Pul borcunu qaytarmaması ilə əlaqədar aralarında yaranan mübahisə zamanı qadın üzərindəki kəsici alətlə ürək nahiyəsinə zərbə vuraraq R.Hüseynovu qəsdən öldürüb.

İş üzrə dindirilmiş G.Qasımova bildirib ki, 2004-cü ildən ailəlidir, həyat yoldaşı Azərbaycan Şahmat Federasiyasında işləyir, bir övladı var. Onların münasibətindən Ramizin arvadı Güldərya Bayramovanın və bacısı Xəyalənin də xəbərləri olub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G.Qasımova cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrum olunub.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

0