Yəməndəki müharibə genişlənə bilər?

HƏRBİ
11:00 / 21.10.2026
201

“Husilərlə Səudiyyə Ərəbistanı arasındakı qarşıdurmanın yenidən genişlənməsi və başqa ölkələrin də cəlb olunması ehtimalı var”. 

Bu sözləri Azad Vətən Partiyasının Siyasi Şurasının sədri, siyasi ekspert Novruz Novruzov Hit.az-a açıqlamasında deyib.

Lakin onun sözlərinə görə, bunu yalnız hipotez kimi qəbul etmək lazımdır:


“Burada əsas məsələ Yəməndəki münaqişənin İran - Səudiyyə Ərəbistanı rəqabəti, Qırmızı dənizdə gəmiçilik təhlükəsizliyi və ABŞ-İsrail-İran qarşıdurması ilə daha sıx əlaqələnib-əlaqələnməyəcəyidir. Məsələ burasındadır ki, husilər Yəməndə fəaliyyət göstərən silahlı-siyasi hərəkatdır, legitim dövlət deyil. Səudiyyə Ərəbistanı isə əvvəllər husilərə qarşı Yəmən hökumətini dəstəkləyən hərbi koalisiyaya rəhbərlik edib. Bu, təkcə iki tərəf arasında müharibə deyil, daha geniş regional rəqabətin bir hissəsidir”.

Ekspert qeyd edib ki, qarşılıqlı hücumların daha geniş müharibəyə çevrilməsi riski var:
“Məsələ artıq sadəcə mümkün eskalasiyada deyil. Münaqişə yenidən kəskinləşib və regional təhlükəsizlik üçün ciddi risk yaradıb. Belə olan halda, regionda mənafeyi olan ölkələrin hadisəyə bu və ya başqa dərəcədə müdaxilə etməsi gözləniləndir. İlk növbədə, ABŞ-nin Səudiyyə Ərəbistanına müdafiə, kəşfiyyat və hərbi sahədə dəstəyi güclənə bilər. Husilərin ABŞ qüvvələrinə hücum etməsi və ya Qırmızı dənizdə gəmiçiliyi ciddi şəkildə pozması Vaşinqtonun birbaşa hərbi əməliyyatlara qoşulması riskini artıra bilər”.

Həmsöhbətimiz bildirib ki, qarşılıqlı hücumların çoxqütblü müharibəyə çevrilməsi fikrini yaradan başlıca amil husilərin əsas regional dəstəkçilərindən birinin İran olmasıdır:
“Baxmayaraq ki, İran silah, texnologiya və məsləhət dəstəyi ilə qarşıdurmanın miqyasına təsir edir, onun özünün Səudiyyə Ərəbistanına qarşı birbaşa müharibəyə girməsi mümkün görünmür. Çünki bu islam ölkəsinin ABŞ-İsrail tandemi ilə münaqişəsi davam edir və iki cəbhədə vuruşmaq üçün İranın potensialı yetərincə deyil. 

Səudiyyə Ərəbistanı ilə üçtərəfli qaydada Məkkə Müdafiə sazişini imzalamış Türkiyə və Pakistanın müharibəyə qoşulması daha inandırıcı ola bilər, nəinki qeyri dövlətlərin. Lakin husilərin siyasi və iqtisadi statusu güclü dövlərin hansısa silahlı hərəkatla geniş döyüşlərə başlamasını istisna edir”.

Novruz Novruzov hesab edir ki, Türkiyə, Fransa və Böyük Britaniya kimi ölkələrin Səudiyyə Ərəbistanına müdafiə vasitələri ilə kömək etməsi və Qırmızı dənizdə təhlükəsizliyə dəstək verməsi real fakt kimi qiymətləndirilməlidir:
“Ancaq regional dövlət olan Suriyanın hərbi qüvvələrinin Səudiyyə Ərəbistanına kömək məqsədilə Yəmən münaqişəsinə cəlb olunması mümkün variant kimi nəzərdən keçirilə bilər. Bütün mümkün variantlar bir neçə ssenarini ehtiva edir. Birincisi, tərəflərin qarşılıqlı zərbələri məhdud regional müharibə yə çevrilir: qarşılıqlı şəkildə raket və dron hücumları davam edir, digər ölkələr isə müdafiə dəstəyi ilə kifayətlənirlər.

İkincisi, Səudiyyə Ərəbistanı husilərə qarşı genişmiqyaslı əməliyyata başlayır, ABŞ və bəzi müttəfiqləri isə birbaşa zərbələrə və ya dəniz əməliyyatlarına qoşulurlar. Bu zaman İranın dəstəklədiyi digər silahlı qruplar da fəallaşır, qarşıdurma genişlənərək çoxtərəfli müharibəyə çevrilir”.

Müsahibimiz diqqətə çatdırıb ki, Yəməndəki döyüşlər İranla ABŞ və onların regional tərəfdaşları arasındakı qarşıdurma ilə birləşir:
“Qırmızı dəniz və Hörmüz boğazında gəmiçiliyin pozulması, neft təchizatına təzyiq və yeni cəbhələrin açılması qlobal nəticələrə yol açır. Bu, ən genişmiqyaslı ssenaridir, çünki böyük Şərq müharibəsinə səbəb olar. Bütün bu ssenarilərin risk dərəcəsi böyükdür və həm regional, həm də regionda marağı olan dövlətlər hazırkı beynəlxalq ictimai-siyasi gərginlik fonunda bu ssenarilərdən qaçmağa çalışacaqlar. Yəni, husilərlə genişmiqyaslı müharibə ehtimalı dəqiq ehtimal deyil”.

Elmir Mustafa

0