ABŞ İranı yanvarda vuracaq?

HƏRBİ
13:00 / 25.11.2026
174

“ABŞ Prezidenti Donald Tramp İranı vurub-vurmayacağı ilə bağlı tez-tez bəyanatlar verir. Gah deyir ki, danışıqlar aparılır, gah da deyir İrana danışıqlar lazım deyil”.

Bu sözləri Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov Hit.az-a açıqlamasında deyib.

Lakin onun sözlərinə görə, ABŞ hər an İrana hücum edə bilər:


“Sadəcə indiki mərhələdə qeyri-müəyyənlik var və hadisələri müqayisəli təhlil edəndə, indiki vəziyyət heç də ABŞ üçün əvvəl etdiyi dövrdəki vəziyyət kimi hücuma hazır şəraitin olduğu səviyyədə deyil. Üstəlik, Vaşinqtonun əvvəlki kimi istədiyi məqamda hücum etmək imkanları da getdikcə məhdudlaşır. 

Bu həm ABŞ-nin daxilində, həm də beynəlxalq səviyyədə baş verən proseslərlə bağlıdır. Eyni zamanda, İrana münasibətdə baş verən proseslər də burada rol oynayır. Donald Tramp isə bu məsələdə özünə dəstəkçi axtarışında olduğunu hələ də göstərir. Elə onun son Çin səfəri də bunu deməyə əsas verir. Görünür, ABŞ lideri Çin və Rusiyadan dəstək istəsə də, buna nail olmadı”.

Ekspert hesab edir ki, Çin və Rusiya İrandan vaz keçmək niyyətində deyillər:
“Çünki Rusiya Hind okeanına çıxış və Yaxın Şərq regionundakı ən son müttəfiqini itirmək istəmir. Çin də hələ ki, onun üçün əsas enerji mənbəyi olan İrandan vaz keçmək niyyətində deyil. Bu proses ora gətirib çıxarıb ki, onlar İrana pərdəarxasında dəstək verib ABŞ-nin istəyinə nail olmasının qarşısını almağa çalışırlar. Təbii ki, İran da öz növbəsində müqavimətini göstərməkdə davam edir. Fars körfəzində vəziyyət əvvəlki kimi gərgin olaraq qalmaqdadır.

İran və körfəz ölkələri enerji resurslarını müharibədən əvvəlki vəziyyətdə ixrac edə bilmirlər. Ancaq İran iqtisadiyyatı gündən-günə zəifləyir, orada elektrik enerjisi, çörək və bir çox istiqamətdə qıtlıq var. İran ABŞ kimi dünyanın fövqəlgücü olan bir dövlətlə, İsrail kimi regionda güc sahiblərindən biri olan dövlətlə, eyni zamanda iki nüvə silahına sahib nüvə ölkə ilə müharibə aparırsa, bu məhrumiyyətləri göz önünə almalı idi”.

Həmsöhbətimiz qeyd edib ki, indiki mərhələdə ABŞ-nin İrana yeni hücumu başlaya bilər:
“Düşünürəm ki, indiki vəziyyətdə İrana hücumun edilməməsi birmənalı şəkildə ABŞ-nin ziyanınadır. Əgər Vaşinqton bu addımı atmasa, onda Tehranın mövqeyini qəbul etmiş olacaq. Düzdür, Tramp İrana qarşı əməliyyatların yanvar ayında başlaya biləcəyini deyib. Ancaq bunun indiki mərhələdə olma ehtimalı daha yüksək dəyərləndirilir.

Nəzərə alaq ki, ABŞ-də Trampın rəhbərlik etdiyi Respublikaçılar Partiyasının məğlubiyyətə uğradığı aralıq seçkilərinin nəticələrində qazanan şəxslər 3 yanvardan fəaliyyətə başlayacaq. Bu da artıq demokratların ölkədaxili qanunverici hakimiyyətdə söz sahibliyinin reallaşması olacaq ki, o mərhələdə Trampın hücum etməsi imkanları daha da məhdudlaşacaq. Lakin indiki mərhələdə hələlik bir ay yarım müddətində respublikaçıların konqresdə üstünlük təşkil etdiyi dönəmdə bu addımları atmaq imkanları daha çoxdur”.

Pərviz

0