ABŞ və İsrail İrana qarşı əməliyyatlara yenidən başlayır?

HƏRBİ
14:00 / 22.10.2026
262

Son günlərdə İrana qarşı hərbi əməliyyatların yenidən başlayacağı ilə bağlı iddialar sürətlə artmaqdadır.

ABŞ və İsrailin yaxın günlərdə İrana qarşı günlərlə hava zərbələri endirməyə hazırlaşdığı deyilir. Düzdür, ABŞ Prezidenti Donald Tramp daha əvvəl 3 noyabrda keçiriləcək aralıq seçkilərindən əvvəl İranın vurulmayacağını açıqlamışdı, amma son bəyanatları fikrininin dəyişdiyini göstərir. Ekspertlər hesab edirlər ki, həm Amerikadakı aralıq seçkiləri, həm də İsraildə 27 oktyabrda keçiriləcək parlament seçkilərindən əvvəl İrana qarşı hücumların yenidən başlama ehtimalı var.

Ümid Partiyasının İdarə Heyətinin üzvü, siyasi şərhçi Tamilla Qulami Hit.az-a açıqlamasında bildirib ki, İrana qarşı ABŞ və İsrailin birgə yeni hava əməliyyatlarına başlaya biləcəyi iddiaları əsassız deyil:


“Lakin bütün bunlara baxmayaraq, yaxın zamanda hərbi müdaxilənin mütləq baş verəcəyi mübahisəli mövzudur. Çünki hal-hazırda əsas məsələ tərəflərin hərbi imkanlarından daha çox, siyasi məqsədləri, çəkindirmə strategiyaları və mümkün müharibənin doğura biləcəyi nəticələrdir. ABŞ-nin, xüsusilə də İsrailin İranla bağlı əsas narahatlıqları Tehranın nüvə proqramı, ballistik raket imkanları, regiondakı müttəfiq silahlı qruplara dəstəyi və Yaxın Şərqdəki güc balansına təsiri ilə əlaqədardır. 

Diplomatik təzyiq və iqtisadi sanksiyalar gözlənilən nəticəni verməsə, hərbi variantın yenidən gündəmə gətirilməsi mümkün görünür. Yenə də genişmiqyaslı müharibə ilə məhdud hava zərbələri arasında ciddi fərq var. Əgər əməliyyat qərarı verilərsə, ilkin mərhələdə İranın strateji hərbi obyektlərinin, raket infrastrukturunun və nüvə proqramı ilə əlaqəli hədəflərin vurulması nəzərdən keçirilməlidir”. 

Ekspert vurğulayıb ki, seçki amili burada ciddi əhəmiyyət daşıyır:
“İsrailin Baş naziri Benyamin Netanyahu üçün İran qarşısında sərt mövqe nümayiş etdirmək İsrail üçün təhlükəsizlik sahəsində güclü lider obrazı deməkdir. Bu, Netanyahuya hava, su kimi lazımdır. ABŞ Prezidenti Donald Tramp üçün də İran məsələsində nəticə əldə etmək siyasi üstünlük demək olacaq. Lakin müharibənin uzanması, enerji qiymətlərinin artması, ABŞ hərbçiləri arasında itkilər və regionda yeni cəbhələrin açılması onun seçki strategiyasına ciddi zərbə vurar. 

Çünki ABŞ üçün 1 hərbçinin varlığı belə dəyərlidir. Netanyahu yeni zərbələrə hazırlaşmağa çalışsa da, Trampın ABŞ-də noyabrın 3-də keçiriləcək aralıq seçkilərdən əvvəl müharibəni yenidən başlatmağa qarşı çıxdığı bildirilir. Rəsmi məlumat kimi bu amil təsdiqlənməsə də, məntiq bunu deyir. Düşünürəm ki, yaxın perspektivdə əsas ssenari hərbi hazırlığın davam etdirilməsi, iqtisadi təzyiqlərin artırılması və diplomatik danışıqlar vasitəsilə İranın güzəştlərə məcbur edilməsidir”.

Həmsöhbətimiz əlavə edib ki, tərəflərdən birinin təxribat kimi qiymətləndirdiyi addım nüvə proqramı ilə bağlı yeni kəşfiyyat məlumatı və ya Hörmüz boğazında baş verəcək ciddi insident vəziyyəti sürətlə dəyişə bilər:
“ABŞ-nin regiondakı hərbi qüvvələrinin artırılması və son günlərdə diplomatik təmasların intensivləşməsi risklərin hələ də yüksək olduğunu göstərir. Nəzərə almaq lazımdır ki, İran bu dəfə də hücuma məruz qalacağı təqdirdə yalnız müdafiə mövqeyində qalmağa, İsrailə, regiondakı ABŞ hərbi bazalarına və enerji infrastrukturuna qarşı cavab tədbirləri görə bilər. Bu da münaqişəni ikitərəfli qarşıdurmadan regional müharibəyə çevirəcəyi bəllidir.

Beləliklə, İrana qarşı yeni əməliyyat ehtimalı realdır, amma onun vaxtını və miqyasını indidən müəyyənləşdirməyi mümkün görmürəm. Seçkilərdən əvvəl genişmiqyaslı hücum siyasi baxımdan cəlbedici görünsə də, nəticələri nəzarətdən çıxarsa, hər iki lider üçün ciddi risklər yaradacaq. Buna görə də hərbi variantın masada qalmasını, ancaq qərarın siyasi və hərbi xərclər diqqətlə hesablandıqdan sonra verilməsini daha mümkün hesab edirəm”.

Elmir Mustafa

0