Səidə Ömər:\"\"Azərbaycan Rüzgarı\" proqramı yenidən tamaşaçılarının görüşünə gəlir\"

20:59 / 11.03.2023
1319

2018-2021 illərdə həftədə bir dəfə  Türkiyənin “Bengü Türk” Kanalında Azərbaycan mədəniyyətini, tarixini, coğrafiyasını təbliğ edən televiziya programı bu dəfə Türkiyənin “Ulusal” tele kanalında yenidən ekranlara gələcək. 

"Azərbaycan Rüzgarı"nın müəllifi və aparıcısı həmyerlimiz, İstanbul Universitetinin  doktorantı, telejurnalist Səidə Ömərin verdiyi məlumata görə,  yaxın günlərdə  layihə daha fərqli mövzuları da əks etdirməklə ekranlara çıxacaq.

Program Azərbaycan Diasporuna Dəstək Fondunun  dəstəyi ilə həftədə bir dəfə bazar günləri axşam saat 16:30-da (Bakı vaxtı ilə 17:30) yayınlanacaq.

“Bu layihənin-“Azərbaycan Rüzgarı” proqramının əsas məqsədi ölkəmizin qədim tarixi, ecazkar coğrafiyası, tarixi şəxsiyyətləri və zəngin mədəniyyəti ilə bağlı məlumatları Türkiyə ictimaiyyətinə çatdırmaqıdr. Çünki Türkiyə ictimaiyyətində buna çox ehtiyac var. Xüsusilə Azərbaycanın dövlət, ordu, xalq birliyilə əldə etdiyi Qarabağ Zəfərindən sonra Türkiyə cəmiyyətində Azərbaycanı, Qarabağı tanımaq istiqamətində maraq yaranıb. Azərbaycanı Türkiyə tamaşaçısına tanıtmaq üçün azərbaycanlı olmaq, ölkəmizdə böyümək, musiqimizi, ədəbiyyatımızı,incəsənətimizi, adət-ənənələrimizi, təbiətimizi bilmək, bir sözlə Azərbaycan ruhundan anlamaq şərtdir. Bizim də məqsədimiz həm Azərbaycan mədəniyyətinin təbliğatına töhfə vermək, həm də dünyada alternativi olmayan Azərbaycan-Türkiyə münasibətlərinin, qardaşlığının möhkəmlənməsinə bacardığımız xidməti göstərməkdir”, deyə Səidə Ömər bildirib.

Layihənin müəllifi yeni formatdakı “Azərbaycan Rüzgarı”nın ilk buraxılışının martın 12-də olacağını qeyd edib.

0