"Evlilik təklifləri alıram, amma..." - Tanınmış aktrisa ilə MÜSAHİBƏ 

MAQAZİN
16:30 / 20.11.2023
4303

"Xəyanəti bağışlamağım qətiyyən mümkün deyil". 

Bu sözləri tanınmış aktrisa Leyla Babayeva HİT.az-a müsahibəsində deyib. 

Həmin müsahibəni təqdim edirik:

- Leyla xanım, "Xəzər" telekanalında yayımlanan "Xəyanət" serialından niyə ayrıldınız? 
- Əslində "Xəyanət" serialında mənim canlandırdığım obrazın hekayəsinə fasilə verilmişdi. Daha doğrusu, tərəf müqabilim və mənim hekayəm dayanmışdı. Hekayənin bitib-bitməməsi barədə isə heç nə deyilməmişdi. Elə oldu ki, mən də həmin müddətdə "ATV" telekanalında yayımlanan "Bir qadın" serialına keçdim. Yəni təklif gəldi, mən də "Xəzər" telekanalındakı davamiyyətim barədə məlumatsız olduğum üçün dəyərləndirdim. 

- Başqa kanala keçdiyiniz üçün irad bildirilmədi?
- Xeyr. Çünki bunun sərbəst seçim olduğunu düşünürəm. Kimsə mənə hansısa irad bildirmək ixtiyarında da deyil. Məni istəsəydilər, vaxtında layihədə saxlayardılar. 

- Bəzi aktrisaların mahnı oxuduğunu görürük. Bəs siz belə bir addım atmağı düşünürsünüz?
- Əslində bəli. Mahnı oxuya bilirəm, səsim də var. Düşünürəm ki, bu istedadımdan da yararlana bilərəm. 

- Bir çox azərbaycanlı məşhurlar Türkiyədəki proqramlarda və ya layihələrdə qonaq olurlar. Bu barədə fikriniz var? Məsələn, "Survivor"da iştirak etmək istəyərsiniz?
- Xeyr, belə fikrim yoxdur. Çünki mənim buradakı işlərim çoxdur. İnanın ki, Türkiyədəki proqramlara və ya "Survivor"a qatılmağa heç vaxtım yoxdur. 

- Bəs Türkiyədən film və ya serial təklifi almamısınız? 
- Əslində Türkiyədəki bəzi layihələrdən təkliflər almışam. Amma buradakı layihələrə sadiq qaldığım üçün hələ ki, Bakıdayam. 

- Bəzi həmkarlarınız kişinin xəyanətini normal hesab edir. Bəs siz xəyanəti bağışlayarsınız?
- Yalan və xəyanət gözümün düşmənidir. Xəyanəti bağışlamağım qətiyyən mümkün deyil. Mən çox kinliyəm və illər keçsə belə bağışlaya bilmərəm. 

- Maraqlıdır, evlilik təklifləri alırsınız? 
- Evlilik təklifləri kifayət qədər çoxdur. Amma içlərində normal olanı yoxdur. 

Pərviz Şimşək

0