"İki serialda çəkildim, amma..." - Tərlan Novxanı ilə MÜSAHİBƏ 

MAQAZİN
17:45 / 04.12.2023
2984

"İki serialdan təklif aldım və iştirak etdim. Lakin həmin seriallar çox uğurlu olmadı".

Bu sözləri məşhur müğənni və meyxanaçı Tərlan Novxanı HİT.az-a müsahibəsində deyib. 

Həmin müsahibəni təqdim edirik:

- Tərlan bəy, siz Özbəkistanda çox sevilirsiniz. Bu uğura necə nail olmusunuz?
- Özbəkistanın Əməkdar Artisti Uluqbek Raxmatullayev ilə orada birlikdə səhnə aldıqdan sonra sevildim. Təbii ki, ən çox sevilən "Bimar" mahnısına görə bu uğuru əldə etdiyimi söyləyə bilərəm. 

- Özbəkistanla bağlı başqa yeni layihələr olacaqmı?
- Bəli, Özbəkistanla bağlı başqa yeni layihələrimiz də nəzərdə tutulur. Elə Uluqbek Raxmatullayev ilə yeni duetimiz və layihələrimiz olacaq. Hətta bu yaxınlarda da onunla Özbəkistanda toyda idik. 

- Özbək müğənni Manzura ilə duetləriniz də kifayət qədər uğurlu oldu. Bəs onunla duetləriniz davam edəcək? 
- Yəqin ki, Manzura xanımla yeni duetimiz olmayacaq. Çünki o istiqamətini tamamilə dəyişib. Manzura xanım artıq hicab taxır, dini mahnılara üstünlük verir və xınalara gedir. Allah onun da ibadətlərini qəbul etsin! 

- Həmçinin, Şəbnəm Tovuzlu və Naili İmran ilə duetlərinizin də çox sevildiyini görürük. Amma uzun müddətdir onlarla yeni duetiniz yoxdur. Şəbnəm Tovuzlu və Naili İmranla duetləriniz davam edəcəkmi?
- Əslində Şəbnəm Tovuzlu və Naili İmrana qədər də Vəfa Şərifova, Nigar Şabanova, Həmidə Hüseynova kimi  çox sayda duet ortaqlarım olub. Təbii ki, Şəbnəm və Naili xanımlarla da duetlərimiz uğurlu alınıb. Bu, izlənmə sayından da bəllidir. Naili xanımla yeni işlər barədə danışmamışıq, amma bəlkə də yeni ildə yeni layihələr ola bilər. Amma Şəbnəm Tovuzlu ilə yeni duet nəzərdə tuturuq. Hətta onunla konsert proqramı belə düşünürük. 

- Ümumiyyətlə, son zamanlarda trendlərdə duetlər daha çox ön plana çıxır. Bəs sizin başqa duetləriniz olacaqmı? 
- Əslində nəzərimdə yeni duetlər var. Bizim də duetlərimiz həmişə trenddə olub və kifayət qədər sevilib. Qismət olsa, oxuyacağıq. Çünki işlər qarışıq olduğu üçün duet ortaqlarımız ilə eyni anda bir-birimizi rahat tapa bilmirik. 

- Film və ya serial təklifləri alırsınız? Sizi aktyor kimi də izləyə bilərik?
- Mən iki serialdan təklif aldım və iştirak etdim. Lakin həmin seriallar çox uğurlu olmadı. Çünki təşkilatı dəstəkləri güclü deyildi. Amma yaxın gələcəkdə elə bir təklif alsam, seçim edərəm. Əgər hər bir şey yüksək səviyyədə olarsa, niyə də yox?! Yəni zəif bir komanda ilə işləmək istəmərəm. Çünki artıq elə bir təbəqədəyəm ki, gərək daha gözəl, baxımlı və təşkilatı dəstəyi yüksək olan film və seriallarda rol alım. 

Bu, bizim sənətdə olan səviyyəmizi və üstünlüyümüzü daha yüksək göstərməyimizdir. Hansısa serialdan dəvət alsaq, seçim edəcəyik. Hal-hazırda prodakşnla çalışıram. Həmin prodakşnın rəhbəri və prodüserim Ziya İmanovdur. Yəni artıq məsləhətsiz iş görmürəm. Hardan təklif gəlsə, komanda çərçivəsində məsləhətləşirik. Hətta yaxın gələcəkdə solo konsert vermək planlarımız da var. 

Pərviz Şimşək

0