Pəhriz zamanı nələrə diqqət etməliyik? - MÜSAHİBƏ 

MARAQLI
16:48 / 21.07.2023
4453

"Əgər insanlar müəyyən müddət ərzində rejimli, yəni pəhriz dediyimiz sağlam qidalanma şəklində qidalanırsa, bunu birdən-birə dayandırmaq olmaz".

Bu sözləri sağlam qidalanma mütəxəssisi, Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova HİT.az-a müsahibəsində deyib.

Pəhrizlə bağlı sözügedən geniş müsahibəni təqdim edirik:

- Məhsəti xanım, nə zaman pəhriz saxlamaq tövsiyə olunur?
- Bir insanın hər hansısa xəstəliyi və yaxud da hansısa orqanında problem varsa, bu zaman müəyyən pəhrizlər təyin olunur. Müəyyən qidalara qarşı həssaslığı olan insanlarda qida allergiyası və ya hansısa xəstəliklə bağlı şiddətlənmə olmaması üçün bu addım atılır. Həmçinin, artıq çəkidən əziyyət çəkən insanlar da pəhriz saxlayırlar. Ümumiyyətlə, normal çəkiyə qayıtmaq, gün ərzində enerjili və gümrah olmaq, daxili orqanlarının funksiyalarını düzgün yerinə yetirə bilməsi üçün orqanizmin 70-ə qədər makro və mikro elementlərə ehtiyacı var. Bunlar da məhz qidalar vasitəsilə alınır və düzgün həzm olunaraq, orqanizmə ötürülür. 

- Pəhriz saxlayanda nələrə diqqət etmək lazımdır?
- Gün ərzində qəbul edilən faydalı qidalar hər insanın bədən çəkisi, gündəlik hərəkətliliyi və yuxu rejimi üçün də olduqca yararlıdır. Amma miqdarı da keçməmək lazımdır. Məsələn, səhər yeməyini qəbul edərkən, daha çox zülal tərkibli qidaları yeyilməlidir. Bu, əzələ sisteminin möhkəmlənməsinə kömək edir. Səhər yeməyində əsasən yumurta, heyvan mənşəli qidalar və süd məhsullarına üstünlük verilməlidir. Daha sonra çərəzlərdən istifadə edilməlidir. Günorta yeməyində isə həftədə 2 dəfə 100-150 qram qırmızı ət, toyuq əti və balıq əti istifadə etmək olar. Mütləq yanında paxlalılardan da istifadə olunmalıdır. Bunlar da faydalı karbohidratlar və vitamin-mineral baxımından zəngin qidalar hesab olunur. 

Həmçinin, gündəlik su qəbulu da orqanizm üçün çox vacib amillərdən hesab olunur. Qəbul etdiyimiz bütün qidalar məhz su vasitəsilə parçalanaraq, mineralları və vitaminləri orqanizmə keçirir. Eyni zamanda orqanizmdə yığılan toksik maddələr də su vasitəsilə qaraciyərdən xaric olunur. Əks halda, orqanizmdə dehidratasiya prosesi başlayır. Bu da orqanların və orqanizmin susuzlaşmasına səbəb olur. Həmçinin, orqanizmin erkən qocalması və daxili orqanların funksiyasının pozulması ilə nəticələnir. Orqanizmdə duz və maye balansının pozulması isə bir çox təhlükəli xəstəliklərin başlanğıcları kimi özünü göstərir.

- Bir çoxları arıqlamaq üçün axşam saatlarında yemək yemirlər. Bəs bu, doğru addımdırmı?
- Bəli, axşam yeməyinə də xüsusi diqqət edilməlidir. Gün ərzində normal şəkildə qida qəbulu baş veribsə, axşam saat 6-7 radələrində artıq yeməyi sonlandırmaq lazımdır. Əgər gün ərzində heç bir qida qəbul olunmayıb və ya qida dəyəri az olan yemək yeyilibsə, bu zaman təbii ki, axşam saatlarında da yemək vacibdir. Əks halda, gələcəkdə vitamin və mineral çatışmazlığı ilə üzləşə bilərsiniz.

- Ümumiyyətlə, pəhriz saxlayan insanlar nələrdən uzaq durmalıdır?
- Hər hansı bir xəstəlik yoxdursa və yalnız çəki vermək üçündürsə, müəyyən çəkiyə gələn qədər nisbətən az kalorili olsa da vitamin dəyəri bol olan qidalardan istifadə etmək lazımdır. Birmənalı şəkildə monoton pəhrizlərdən uzaq durmaq tövsiyə olunur. Amma qarabaşaq, qatıq, detoks adı altında bir çox qidalar hazırlanır ki, onlardan bir neçə müddət istifadə etmək orqanizm üçün zərərlidir. Ümumiyyətlə, 3 gün ardıcıl eyni qidadan istifadə etmək orqanizmdə fəsadlara yol açır. Maye qidadırsa, vitamin-mineral balansının azalmasına gətirib çıxarır. Monoton qida isə bir çox vitaminlərin ehtiyatını tamamilə istifadə edir. Bu zaman orqanizmdə hansısa vitamin tamamilə azalır, digəri isə çoxalır. Bu da zəhərlənməyə gətirib çıxarır.

- Bəs neçə müddət pəhriz saxlamaq lazımdır?
- Əgər insanlar müəyyən müddət ərzində rejimli, yəni pəhriz dediyimiz sağlam qidalanma şəklində qidalanırsa, bunu birdən-birə dayandırmaq olmaz. Bu zaman birdən-birə hansısa sağlıqsız qidaya yönələndə və ya yemək miqdarını artanda orqanizmdə yüklənmə baş verir. Bu da ilk növbədə artıq çəkiyə və qaraciyər piylənməsinə səbəb olur. Yəni anidən qida rejimini dəyişmək düzgün hesab olunmur. Hətta oruc tutanlar və ya diyeta saxlayanlar belə normal qidalanma rejiminə tədricən keçməlidir ki, orqanizm zərər görməsin. 

Qida rasionumuzu qəbul edərkən, hansı qidanı nə qədər, hansı vaxtda və necə yediyimiz də çox önəmlidir. Əgər hər hansısa qida rejimi uyğunlaşırıqsa, bunu müəyyən bir vaxtı əhatə edəcək şəkildə deyil, ömür boyu davam etdirəcək şəkildə etməliyik. Belə etmək lazımdır ki, həm psixoloji problemlər, həm də stress meydana gəlməsin. Onda pəhriz heç vaxt yorucu və zərərli olmur. 

- Maraqlıdır, kimlərə pəhriz saxlamaq olmaz?
- Qan azlığı olanlar, şəkərli diabetdən əziyyət çəkənlər, ürək-damar xəstəlikləri olanlar, habelə xolesterin səviyyəsi dəyişkən və yüksək olanlarla, hipertoniyadan əziyyət çəkənlər pəhriz adı altında uzun müddət ac qalmamalıdır.

Ümumiyyətlə, hər bir insan sağlam olması üçün mütləq şəkildə gün ərzində ən azı 2 əsas yemək qəbul etməlidir. Həmçinin, şirniyyat və çərəz kimi bir də ara yemək qəbul oluna bilər. Bunlar kalorili qidadırsa, günün birinci yarısında qəbul olunsa, gün ərzində enerjiyə çevtiləcək. Axşam qəbul olunan yeməklər isə tez həzm olunan və az kalorili qidalar olmalıdır.

Pərviz

0