İnsanlar bəzən aylarla, hətta illərlə sağlam olmayan münasibətlərdə qala bilir və problemin həqiqətən mövcud olub-olmadığına şübhə edirlər. Lakin münasibətlərin toksik xarakter aldığını və tərəflərdən birinə və ya hər ikisinə zərər verdiyini göstərə biləcək xarakterik əlamətlər var.
HİT.az xəbər verir ki, bu barədə cütlüklərin münasibətlərini araşdıran psixoloq Mark Trevers CNBC üçün yazdığı məqalədə danışıb.
Birinci əlamət mübahisələr zamanı hörmətsizlik və alçaldıcı münasibətdir. Psixoloqun sözlərinə görə, ən təhlükəli siqnallardan biri tərəfdaşa qarşı istehza, təhqir, kinayə, göz çevirmə və ya onun hisslərini kiçiltməkdir. O qeyd edir ki, adi mübahisələr sağlam münasibətin bir hissəsi ola bilər, lakin davamlı hörmətsizlik münasibətlərin dağılması riskini ciddi şəkildə artırır.
İkinci əlamət tərəflərdən birinin problemi müzakirə etmək istəməsi, digərinin isə söhbətdən yayınmasıdır. Belə vəziyyətdə bir tərəf həll yolu axtarsa da, digəri mövzunu dəyişir, susur və ya dialoqdan qaçır. Nəticədə vacib problemlər həll olunmur, gərginlik isə getdikcə artır.
Üçüncü əlamət daimi gərginlik hissidir. İnsan hər sözünü ölçüb-biçməyə başlayır, hisslərini ifadə etməkdən çəkinir və münaqişə yarada biləcək mövzulardan uzaq durmağa çalışır. Psixoloq bildirir ki, belə davamlı daxili stress zamanla ciddi emosional tükənməyə səbəb ola bilər.
Dördüncü əlamət qayğı adı altında nəzarətdir. Mütəxəssis xəbərdarlıq edir ki, bəzən tərəfdaş daim digərinin harada olduğunu öyrənmək istəyir, telefonuna çıxış tələb edir, dostları ilə ünsiyyəti məhdudlaşdırır və onu yaxınlarından tədricən təcrid edir. Bu davranış isə çox vaxt “sənin xeyrin üçündür” ifadəsi ilə əsaslandırılır.
Beşinci əlamət bütün günahın yalnız bir tərəfin üzərinə qoyulmasıdır. Psixoloqun sözlərinə görə, toksik münasibətlərdə məsuliyyət demək olar ki, həmişə eyni şəxsin üzərinə yüklənir. Nəticədə insan öz xatirələrinə, hadisələri qiymətləndirməsinə şübhə etməyə başlayır və hətta yaratmadığı problemlərə görə özünü günahkar hesab edir. Sağlam münasibətlərdə isə hər iki tərəf öz səhvlərini qəbul etməyi bacarır.
Altıncı əlamət aqressiyanın yalnız fiziki zorakılıqla məhdudlaşmamasıdır. Buraya qışqırmaq, hədələmək, alçaltmaq, təhqir etmək, psixoloji təzyiq göstərmək, qorxutmaq və tərəfdaşı qəsdən emosional cəhətdən incitmək də daxildir. Əgər bu davranışlar adi hala çevrilibsə, psixoloq yaxınlardan və ya mütəxəssisdən kömək almağı tövsiyə edir.
Yeddinci və ən ciddi əlamət insanın tədricən özünü itirməsidir. Şəxs münaqişədən qaçmaq və ya münasibəti qorumaq naminə hobbilərindən, dostlarından, məqsədlərindən və dəyərlərindən imtina etməyə başlayır. Eyni zamanda o, tərəfdaşından emosional baxımdan daha çox asılı vəziyyətə düşür və digər insanlardan uzaqlaşır.
Psixoloq vurğulayır ki, ideal münasibətlər mövcud deyil. Lakin bu cür davranış modelləri mütəmadi təkrarlanır və ya getdikcə daha qabarıq şəkildə özünü göstərirsə, peşəkar psixoloji dəstəyə müraciət etmək məqsədəuyğun ola bilər.
Samir


