Avropada ən çox satılan elektrikli avtomobillərin yeni SİYAHISI

AVTO
17:00 / 27.11.2026
40

Avropa avtomobil bazarında tam elektrikli nəqliyyat vasitələrinə olan tələbat sürətlə artmaqda davam edir. 

Hit.az xəbər verir ki, araşdırma şirkəti “Dataforce” Avropa İttifaqı (Aİ), Böyük Britaniya və Avropa Azad Ticarət Assosiasiyası (EFTA) ölkələri üzrə satılan avtomobillərlə bağlı yeni statistikanı açıqlayıb.

Oktyabr ayı qeydiyyat rəqəmlərinə əsasən, Avropada ümumi elektromobil satışları ötən ilin müvafiq dövrü ilə müqayisədə 57 faiz artaraq 346 708 ədədə çatıb. Bununla da tam elektrikli avtomobillərin ümumi yeni avtomobil bazarındakı payı 21 faizdən 31 faizə yüksəlib.

Açıqlanan statistikaya görə, oktyabr ayında Avropanın ən çox satılan elektromobili statusu dəyişib:

1-ci yer – “Skoda Elroq”: Çexiya istehsalçısının kompakt elektrikli krossoveri oktyabr ayında 9 384 ədəd qeydiyyat göstəricisi ilə siyahının zirvəsinə yerləşib. Maraqlıdır ki, “Elroq”un satışları ötən ilin oktyabrı ilə müqayisədə 17,6 faiz azalsa da, sabit tədarük həcmi rəqiblərini geridə qoymağa kifayət edib.
2-ci yer – “Renault 5 E-Tech”: Zirvə yarışında “Skoda”nı yaxından təqib edən Fransanın kompakt elektrikli hetçbeki 8 933 ədəd satışla ikinci pilləyə yüksəlib.
3-cü yer – “BMW iX1”: Podyumun üçüncü pilləsində Almaniyanın premium istehsalçısı “BMW” qərarlaşıb. Markanın kompakt elektrikli SUV modeli 8 359 ədəd qeydiyyatla (illik 37 faiz artımla) oktyabr ayını ilk üçlükdə tamamlayıb.

Sentyabr ayında bütün mühərrik növləri daxil olmaqla 40 971 ədədlik satışla Avropanın mütləq lideri olan “Tesla Model Y” oktyabr ayında 8 309 ədəd qeydiyyatla dördüncü sıraya enib. Buna baxmayaraq, modelin satışlarının 2025-ci ilin oktyabr ayı ilə müqayisədə 51,2 faiz artdığı qeyd olunur. 

Avtomobil analitikləri bu geriləməni gözlənilən hal kimi dəyərləndirirlər. “Tesla” təhvil-təslim həcmlərini əsasən rüb sonlarına (mart, iyun, sentyabr, dekabr) cəmləşdirdiyi üçün yeni rübün ilk ayında qeydiyyat sayında eniş baş verir. Bundan əlavə, 10 aylıq ümumi göstəricilərdə “Tesla Model Y” 175 862 ədədlə hələ də Avropanın ən çox satılan elektromobili statusunu qoruyur.

Beləliklə, oktyabrda Avropada ən çox satılan elektrikli avtomobillər aşağıdakılardır:

1. “Skoda Elroq” – 9 384 ədəd
2. “Renault 5 E-Tech” – 8 933 ədəd
3. “BMW iX1” – 8 359 ədəd
4. “Tesla Model Y” – 8 309 ədəd
5. “Mercedes-Benz GLC Elektrik” – 7 858 ədəd
6. “Skoda Enyaq” – 7 561 ədəd
7. “Volkswagen ID.4” – 7 546 ədəd
8. “BMW iX3” – 7 394 ədəd
9. “Volkswagen ID.7” – 7 011 ədəd
10. “Renault Twingo E-Tech” – 6 870 ədəd.

Pərviz

0