IV Şuşa Qlobal Media Forumu - “Strateji töhfə kimi qiymətləndirilməlidir”

MEDİA
14:30 / 14.07.2026
166

IV Şuşa Qlobal Media Forumu artıq beynəlxalq media məkanında mühüm platformalardan birinə çevrilib. 

Dünyanın müxtəlif ölkələrindən media nümayəndələrini, ekspertləri və rəsmi şəxsləri bir araya gətirən forum qlobal informasiya mühitində aktual məsələlərin müzakirəsi, peşəkar əməkdaşlığın genişləndirilməsi və yeni media çağırışlarının dəyərləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bununla yanaşı, Forum Azərbaycanın beynəlxalq informasiya məkanındakı rolunun gücləndirilməsinə və Şuşanın qlobal dialoq mərkəzi kimi mövqeyinin möhkəmlənməsinə də töhfə verir.

Siyasi şərhçi Tural İsmayılov Hit.az-a açıqlamasında bildirib ki, IV Şuşa Qlobal Media Forumu artıq təkcə media nümayəndələrinin görüş yeri deyil, qlobal informasiya məkanında yeni yanaşmaların müzakirə edildiyi nüfuzlu beynəlxalq platformaya çevrilib: 

“Forumun Şuşada keçirilməsi özü-özlüyündə güclü siyasi və simvolik mesaj daşıyır. Bu, Azərbaycanın postmünaqişə dövründə azad edilmiş əraziləri yalnız bərpa etmədiyini, eyni zamanda onları beynəlxalq dialoq və əməkdaşlıq məkanına çevirdiyini nümayiş etdirir. Müasir dünyada informasiya geosiyasətin ayrılmaz tərkib hissəsinə çevrilib. Dezinformasiya, hibrid müharibələr, süni intellektin media mühitinə təsiri və rəqəmsal transformasiya fonunda belə forumların əhəmiyyəti daha da artır. IV Şuşa Qlobal Media Forumu fərqli ölkələrdən jurnalistləri, ekspertləri və media rəhbərlərini eyni platformada bir araya gətirməklə qlobal informasiya təhlükəsizliyi, peşəkar jurnalistikanın gələcəyi və beynəlxalq media əməkdaşlığı istiqamətində ortaq baxışların formalaşmasına xidmət edir”.

404539

Həmsöhbətimiz hesab edir ki, Azərbaycan üçün bu Forumun əhəmiyyəti yalnız media müstəvisi ilə məhdudlaşmır: 

“Bu tədbir ölkəmizin artan beynəlxalq nüfuzunun, açıq dialoqa sadiqliyinin və çoxtərəfli əməkdaşlıq siyasətinin daha bir göstəricisidir. Prezident İlham Əliyevin Forum çərçivəsində beynəlxalq media nümayəndələrinin suallarını açıq formatda cavablandırması Azərbaycanın regional və qlobal proseslərə dair mövqeyini birbaşa dünya ictimaiyyətinə çatdırmaq baxımından mühüm diplomatik alətə çevrilib. 

Eyni zamanda, Şuşa Qlobal Media Forumu Azərbaycanın yumşaq güc siyasətinin mühüm elementidir. Ölkəmiz artıq yalnız enerji və nəqliyyat layihələri ilə deyil, beynəlxalq intellektual və kommunikasiya platformalarının təşəbbüskarı kimi də çıxış edir. Bu isə Azərbaycanın regional liderlik mövqeyini informasiya diplomatiyası sahəsində də möhkəmləndirir”.

T. İsmayılov qeyd edib ki, IV Şuşa Qlobal Media Forumu XXI əsrdə dövlətlərin nüfuzunun təkcə iqtisadi və hərbi imkanlarla deyil, onların qlobal informasiya gündəliyinə təsir etmək bacarığı ilə də ölçüldüyünü göstərir:

“Azərbaycan bu platforma vasitəsilə beynəlxalq media dialoquna töhfə verir, etibarlı tərəfdaş imicini gücləndirir və Şuşanı tədricən Qafqazın ən mühüm beynəlxalq fikir mübadiləsi mərkəzlərindən birinə çevirir. Bu baxımdan, Forum təkcə bugünün deyil, gələcəyin informasiya arxitekturasına Azərbaycanın verdiyi strateji töhfə kimi qiymətləndirilməlidir”.

Günel Cəlilova

0