Mətbuat Şurası “Olimpiya dünyası” qəzetini təbrik edib

MEDİA
11:00 / 27.11.2026
60

Azərbaycan Mətbuat Şurası “Olimpiya dünyası” qəzetinin fəaliyyətə başlamasının 25 illik yubileyi münasibətilə nəşrin kollektivini təbrik edib.

Təbrikdə qeyd olunub ki, Olimpiya hərəkatının əsasını təşkil edən sülh, dostluq, həmrəylik, ədalətli rəqabət və xalqlar arasında qarşılıqlı anlaşma kimi dəyərlərin təbliği “Olimpiya dünyası” qəzetinin fəaliyyətində prioritet istiqamətlərdən biri olub. Nəşr idmanın cəmiyyət həyatındakı əhəmiyyətinin geniş ictimaiyyətə çatdırılmasına, milli idman salnaməsinin formalaşmasına mühüm töhfələr verib.

Bildirilib ki, idmanın Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilməsi, müasir idman infrastrukturunun yaradılması, regionlarda idman komplekslərinin istifadəyə verilməsi, uşaq və yeniyetmələrin idmana cəlb olunması ölkə idmanının inkişafında yeni mərhələnin əsasını qoyub. “Olimpiya dünyası” qəzeti isə bu proseslərin ictimaiyyətə çatdırılmasında mühüm informasiya platforması kimi çıxış edib.

Təbrikdə müasir informasiya məkanında baş verən dəyişikliklərə, rəqəmsal medianın genişlənməsinə və oxucu auditoriyasının artan tələblərinə də diqqət çəkilib. Qeyd olunub ki, qəzetin müasir medianın imkanlarından səmərəli istifadə etməsi onun gələcək fəaliyyəti üçün nikbin perspektivlər yaradır.

Azərbaycan Mətbuat Şurası “Olimpiya dünyası” qəzetinin kollektivinə 25 illik yubiley münasibətilə təbriklərini çatdıraraq, nəşrin rəhbərliyinə və əməkdaşlarına möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları, tükənməz enerji və oxucuların etimadını daim doğrultmaq əzmi arzulayıb.

0