4 general-polkovnikdən sonra bu ordeni alan Vasif oldu

17:12 / 03.02.2023
1128

Prezident İlham Əliyevin sərəncamı ilə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif olunan Vasif Tağıyev Azərbaycanda bu ordeni alan 5-ci şəxsdir.

2017-ci ildə təsis edilmiş bu orden Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmətləri olanlara verilir. Daha əvvəl 1-ci dərəcəli “Rəşadət” ordeni ilə müdafiə naziri general-polkovnik Zakir Həsənov, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev, Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-polkovnik Kərəm Mustafayev və Müdafiə Nazirliyinin sabiq baş qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov təltif olunub.

Qeyd edək ki, “Rəşadət” ordeninin dərəcələri ardıcıllıqla, Azərbaycan Silahlı Qüvvələrində hərbi qulluqçulara aşağıdakı xidmətlərinə görə təqdim olunur: 

- Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmətlərinə görə;

- Əhəmiyyətli və ya strateji ərazinin, yaşayış məntəqəsinin, rayonun və ya şəhərin düşmən işğalından azad olunması ilə nəticələnmiş döyüş əməliyyatları zamanı hərbi hissə və birləşmələrə yüksək peşəkarlıqla rəhbərlik etdiklərinə görə;

- Vətənin müdafiəsi zamanı düşmən hücumunun qarşısının alınmasında, işğal edilmiş ərazilərin azad olunmasında, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində igidlik və mərdlik nümunəsi göstərdiklərinə görə;

- Həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcu və hərbi qulluq vəzifəsini yerinə yetirərkən mərd və qətiyyətli hərəkətlərinə görə;

- Fövqəladə hallarda və ya ekstremal şəraitdə insanların xilas edilməsində xüsusi xidmətlərinə görə;

- Dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə.

“Rəşadət” ordeninin üç dərəcəsi var. “Rəşadət” ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər ordenləri olduqda “Azərbaycan bayrağı” ordenindən sonra taxılır.

Mənbə: Qafqazinfo.az

 

0