Müəllimlərin imtahandan keçə bilməməsinin səbəbləri BƏLLİ OLDU

ÖLKƏ
15:08 / 11.09.2023
770

743 müəllimin sertifikatlaşdırma imtahanından keçə bilməməsi müzakirələrə səbəb olub.

Daha sonra onların işdən çıxarıldığı açıqlanıb. Əlbəttə ki, 743 kifayət qədər böyük rəqəmdir. Bu qədər müəllimin imtahandan keçə bilməməsi tənqidlə qarşılanıb. Xüsusilə, onların sadə sualları cavablandıra bilməməsi valideynlərin qəzəbinə səbəb olub. Valideynlər belə müəllimlərin uşaqlarının gələcəyinə mənfi təsir göstərdiyini bildiriblər. Üstəlik, müəllimlərin dərs keçdikləri fənlərdəki  suallara belə düzgün cavab verməməsi gündəmi zəbt edib.

Maraqlıdır, illərdir müəllim olan yüzlərlə şəxsin imtahanlardan keçə bilməməsi nə ilə bağlıdır? Onların çox sadə suallara belə cavab verə bilməməsinin əsl səbəbi nədir?

Mövzu ilə bağlı HİT.az-a açıqlama verən təhsil eksperti Cahid İmanlı bildirib ki, bunun bir neçə səbəb var:

333510

"Birincisi, vaxtı ilə müəllimlərin işə qəbulunun mərkəzləşmiş qaydada keçirilməməsidir. Nəticədə, saxta diplomla, kollec diplomu və ya ixtisas dəyişmə yolu ilə qeyri-pedaqoji ixtisasları bitirənlər pedaqoji diplom alıb məktəbdə işlə təmin edildi. Bu, əsas faktordur.

İkincisi, əmək haqqının az olmasına görə bəzi müəllimlərin əlavə işlə məşgul olmasıdır. Onlar, öz işinə bir növ 2-ci dərəcəli iş kimi və ya əlavə biznes sahəsi kimi baxırlar. Buna görə də öz üzərində işləməyə nə vaxtları, nə də maraqları olmur. Bu hal bölgə məktəblərində daha aktualdır".

Ekspert qeyd edib ki, məktəbin özündə müəllimlərin qiymətləndirilməsi sisteminin olmaması və ya daha dəqiq "işləməməsi" də əsas problemlərdən biridir:

"Məktəb və ya aidiyyatı təhsil qurumları tez-tez məktəblərədə yoxlamalar aparmalı, müəllimlərin açıq dərsləri təşkil edilməli və onların nöqsanları aşkarlanıb buna uyğun tədbirlər planı hazırlanmalıdır. Hətta lazım gələrəsə, həmin müəllimlər dövlət hesabına və ya öz hesabına təkmilləşmə kurslarına cəlb edilməlidir.

Təssüf ki, bu gün məktəblərdə müəllimlərlə metodiki iş aparılmır. Metod kabinetlər faktiki olaraq fəaliyyət göstərmirlər. Bunun səbəblərindən biri də bu vəzifəyə görə - yəni məktəbdə metodbirləşmə vəzifəsi üçün əmək haqqı verilməməsidir. Bu səbəbdən də həmin vəzifəni heç kim lazımı səviyyədə aparmır".

Cahid İmanlı müəllimlər arasında "savadsızlığı" aradan qaldırmaq üçün təklif verib:

"İlk növbədə metodbirləşmələrin səlahiyyəti artırılıb, məktəbdə ştatla vəzifəli şəxs kimi fənlər və ya fənn birləşmələri üzrə (məsələn humanitar, və ya təbiət yönümlü) metodbirləşmə rəhbəri vəzifəsi yaradılmalıdır. Onların da üzərinə müəyyən vəzifələr qoyulmalıdır. Bu vəzifələrdən ən başlıcası da müəllimlərin bilik və bacarıqlarını artırılması yolunda olmalıdır.

Təəssüf ki, hal-hazırda müəllimlərin bilik və bacarıqları 5 ildən bir keçirilən sertifikasiya intahanı ilə müəyyən olunur. Arada qalan müddətdə müəllimlərin bilik və bacarıqlarına nəzarət və qiymətləndirmə düzgün aparılmır və ya sadəcə aparılmır".

Pərviz

0