Azərbaycanda “ağ ölüm”: Xaricdə qurulan sxem - RƏQƏMLƏR

ÖLKƏ
23:50 / 25.11.2023
259
Azərbaycanda təkcə ağır cinayətlər məhkəmələrinin icraatında olan işlərə və çıxardığı ittihamedici hökmlərə nəzər yetirəndə ölkə üzrə narkotik ticarəti ilə bağlı vəziyyət görünür.
 
Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən, 2022-ci ildə ölkədə qeydə alınmış 36 494 cinayət hadisəsinin 10 665-i və ya 29,2 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub.
 
Bu da 2021-ci ilin göstəricisindən 24,4 faiz çoxdur.
 
 
2022-ci il üzrə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətmiş 8 587 şəxs müəyyən edilib ki, onların da 34,4 faizi əvvəllər də cinayət məsuliyyətinə cəlb olunmuş şəxslər olub.
 
Bu kateqoriya üzrə cinayət törətmiş şəxslərin 72,8 faizini heç yerdə işləməyən və oxumayanlar, 2,7 faizini qadınlar təşkil edib.
 
Cinayət törədənlərin 0,2 faizi 14-17 yaşda olan uşaqlar, 7 faizi 18-24 yaşlı, 16,7 faizi 25-29 yaşlı gənclər, 76,1 faizi isə 30 və yuxarı yaşlı şəxslər olub.
 
 
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ölkədə 2023-cü ilin yanvar-oktyabr ayları ərzində analoji cinayətlər üzrə məlumat yayımlayıb.
 
Bildirilib ki, bu ilin yanvar-oktyabr ayları ərzində hüquq-mühafizə orqanları narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı ümumilikdə 9 292 cinayət faktı aşkarlayıb.
 
Azərbaycanın ağır cinayətlər məhkəmələrinin işlərində Cinayət Məcəlləsinin 234-cü maddəsinin (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) bir neçə bəndi ilə keçirilən və ya keçiriləcək proseslər çoxluq təşkil edir.
 
 
Qeyd edək ki, narkotik maddələrin dövriyyəsinin mənbəyi xarici ölkələrdə qərarlaşıb.
 
Azərbaycan Respublikasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə dair mübarizə sahəsində milli risk Qiymətləndirilməsi belə deməyə əsas verir.
2015-21-ci illəri əhatə edən hesabatda xarici mənşəli təhdid faktorları sırasında narkotik vasitələrin dövriyyəsi ilə əlaqədar məqamlar yer alıb.
 
Təhdidlər sırasında bəzi region ölkələrindən qaynaqlanan narkotik vasitələrin dövriyyəsi göstərilir. Qeyd olunur ki, bu məqsədlə Azərbaycan ərazisindən tranzit kimi istifadə halları müşahidə olunur.
 
 
"Aparılan araşdırmalar və beynəlxalq hesabatlara əsasən qeyd etmək olar ki, tranzit keçid kimi Azərbaycandan istifadə edilməklə dövriyyədə olan narkotik vasitələrin ölkəyə ilkin giriş ölkəsi İran, əsas mənşə ölkəsi isə Əfqanıstandır”, - deyə risk qiymətləndirilməsində göstərilir.
 
Birləşmiş Millətlər Təşkilatının Narkotik və Cinayətkarlıqla Mübarizə İdarəsinin (UNODC) məlumatına əsasən, Azərbaycandan heroin, adətən, ya Rusiyadakı bazarlara, ya da Gürcüstana, daha sonra isə Qara dənizdən keçirilərək Qərbi və Mərkəzi Avropa bazarlarına aparılır.
 
Bu vəziyyət Azərbaycan üçün çox ciddi təhdid faktorlarının mövcudluğunun göstəricisi kimi çıxış edir.
 
 
Bu sahədə digər əhəmiyyətli təhdid faktoru yeni texnologiyalardan və məsafədən bank məhsullarından istifadə edən narkotik ticarəti üzrə region dövlətlərinin ərazisində yerləşən və idarə edilən cinayətkar birliklərdir.
 
Belə ki, qonşu dövlətlərin ərazisindən idarə edilən cinayətkar birliklər vahid idarəetmə mərkəzi yaradaraq bir-birini tanımayan yüzlərlə insanı cinayətin törədilməsinə cəlb edirlər. Sonradan əldə edilmiş külli miqdarda vəsaitləri müxtəlif üsullarla, bank sistemindən istifadə etməklə və ya kriptovalyuta ilə ölkədən çıxarırlar.
 
Müştəri uyğunluğu tədbirləri üzrə riskəsaslı yanaşma tam tətbiq edilmədiyi üçün bank məhsulları narkotik vasitələrin satışının həyata keçirilməsi məqsədilə asanlıqla sui-istifadə edilə bilir.
 
 
Qeyd edək ki, 2022-ci ilin statistikasına əsasən, Azərbaycanda 35 min 97 nəfər narkotik vasitə istifadəçisidir. Amma iddialar var ki, reallıqda rəqəm daha böyükdür.
 
Mənbə: Oxu.az
0