Kişi müəllimlərin məktəblərdən üz çevirməsinin fəsadı

ÖLKƏ
16:52 / 27.11.2023
287

Dünyada qadın müəllimlərin sayı kişilərlə müqayisədə üstünlük təşkil edir.

Lakin son illərdə bəzi ölkələrdə əks tendensiya müşahidə olunmaqdadır. Burda  məqsəd oğlan uşaqlarına kişi xarakterini aşılamaq, onlara problemli vəziyyətdə necə davranmağı öyrətməkdən ibarətdir.

Bu ölkələrdən fərqli olaraq, Azərbaycanda kişi müəllimlərlə qadın müəllimlər arasında xeyli say fərqi var. Ölkədə qadın müəllimlər ümumi müəllimlərin 81 faizini təşkil edir. Metodika ixtisasını seçən kişi müəllimlərə isə nadir hallarda rast gəlinir, bəzən də heç təsadüf edilmir.
Bildirək ki, hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil alan tələbələrin cinsə görə statistikası vəziyyətin nə qədər kritik olduğunu daha aydın şəkildə göstərir. Bu gün universitetin özündə belə 1346 nəfər professor müəllim heyəti çalışır ki, onlardan 954 nəfəri qadındır.
Kişi müəllimlərin məktəblərdən üz çevirməsi yaxşı ənənə hesab edilmir. Müəllimlərin sayında gender bərabərliyinin pozulması məktəblərdə tədris alan uşaqların psixologiyasına təsirsiz ötüşmür.

Ekspertlər bildirib ki, təhsildə qadınların çox olması gələcəkdə problemlərə səbəb olacaq. İddia olunur ki, məktəblərdə kişi müəllimlərin sayının az olması  üçüncü cinsin yaranmasına gətirib çıxarır.

Sosioloq Elçin Bayramlı Hit.az-a şərhində qeyd edib ki, bu kimi hallar şagirdlərdə kişi xarakteri, tərbiyəsini məhv edir və üçüncü cinsin yaranmasına səbəb olur: 

“Təhsil ocaqlarında çalışan müəllimlərin 95 faizdən çoxu qadındır. Kişi müəllimlərini məktəbdən didərgin salırlar. Hətta kişilərə aid olan idman, bədən tərbiyyəsi, hərbi kimi fənnləri qadınlar tədris edir. Bu özbaşınalıqdır. Belə hallarda kişi xarakteri, tərbiyəsi sıfıra enir. Qadın müəllimlərin üzüyumşaqlığından şagirdlər istifadə edir. Bu da təlim-tərbiyənin, təhsilin aşağı düşməsinə səbəb olur. Təhsildə aparılan ”eksperimentlər” cəmiyyəti məhv edir. Bundan başqa, şagirdlərdə qadın psixologiyası yaranır. Yəni qadın elementləri oğlan şagirdlərində hiss olunur. Bu da üçüncü cinsin yaranmasına gətirib çıxarır. İnsan bioloji olaraq yaranır, amma psixoloji cəhətdən formalaşır. Dərindən məsələ budur. Məqsəd kişiləri də qadınlaşdırmaqdır”.

Sevinc

0