“O qızlara demişdim ki, davadan sonra gəlib sizlə evlənəcəm” - 96 yaşlı veteran (Video/Foto)

15:59 / 09.05.2020
1956

- Doxsan neçə yaşım var?

- 96.

- Əşi, nə bilim, qoca adamam da (gülür).

Müsahibimiz Bağır Məlikov 9 May Qələbə Gününün 75-ci ildönümünü birgə qeyd etdiyimiz 256 müharibə veteranından biridir. Bəli, hərdən yaşını unudur, hətta yaşadıqlarını da. Ancaq unutmadığı yeganə bir şey var: müharibə və 4 ildə yaşadıqları..

Qaldıqlar ünvanı, nəvələrinin adını, ən sevdiyi meyvəni nə qədər xatırlamaq istəyib yadına sala bilməsə də, müharibə yolu heç vaxt unutmayacağı formada yaddaşına yazılıb:

“Özüm Nardaran kəndində anadan olmuşam. Müharibə başlayanda hələ 16 yaşım olmamışdı. Elə bir-iki ay sonra məni döyüşə çağırdılar. Böyük qardaşım Məlik və bacım Məsumə də məndən qabaq müharibəyə gedib. Bacım Tibb Universitetini hələ bitirməmişdi. Tibb bacısı kimi uzun illər müharibədə xidmət göstərib. Qardaşımdan isə daha sonra xəbərimiz olmadı.

Müharibəyə ən dəhşətli yerindən-Rostovdan başlamışam. Daha sonra Ukrayna, Krım, Moldova, Rumıniya, Macarıstan, Avstriya və son olaraq Berlinə kimi getmişəm. Berlinin azad olunmasında iştirak edənlərdənəm. 353-cü diviziyada vuruşurdum. 5 dəfə yaralanmışam, müalicə ediblər, yenidən vuruşmağa davam etmişəm. Böyük Vətən Müharibəsi əlili kimi Prezident təqaüdçüsüyəm”.

Bağır baba müharibəyə dostları ilə birgə gedib. Döyüş zamanı onu qanlar içində görən dostları, öldüyünü zənn edib. Ta ki müharibənin 30 illiyində görüşənə kimi:

“Mən Bakıdan qardaş kimi bildiyim iki nəfərlə müharibəyə getmişdim. Dağlı balası Müğbil və Mikayıl. Çox çətinliklər çəkmişik. Mən yaralananda bir-birimizlə əlaqəni itirdik. Onlar mənim öldüyümü zənn ediblər. Daha sonra müharibənin 30 illiyində görüşdük. Sevincdən ağlayırdıq”.

Bayaqdan veteranın hər kəlməsini diqqətlə dinləyib unutduğu məqamlarda səbrlə izah edən qızı Məsməxanım müəllimə bu əsnada söhbətimizə quşulur:

“Mikayıl əmi xatirələrində danışır ki, Macarıstanda döyüş zamanı bomba partlayanda atam bərk mərmi yarası alıb. Qanlar içində olduğundan öldüyünü zənn ediblər. Öz anasına məktub yazıb ki, Bağırın anasına de ki, oğlu ölüb. Qadın cavabında bir anaya belə bir xəbər verə bilməyəcəyini bildirib. Allahdan da xəbər verməyib. Çünki atam həmin vaxt 2-3 gün yerdə qalıb, daha sonra baxıblar ki, yaşayır, hospitala aparıblar. Həkim ayağı qanqren olduğu üçün kəsmək istəyib, atam qoymayıb. Atam “Həkim, ayağımı kəssən, mənə ərə gələn qız olmayacaq”, -deyib. Beləliklə, bir müddət xəstəxanada yatıb və daha sonra sağalaraq müharibəyə davam edib”.

-Bağır baba, müharibənin bitməsi xəbərini necə aldız?

- Gecə bir də radioda qışqırdılar ki, müharibə qurtardı, müharibə qurtardı. Hamı başladı avtomatlarla, plemyotlarla göyə atəş açmağa. Elə bil fişənglər yanırdı. Hamı sevinib ağlaşır, öpüşüb-görüşürdü. Ölümün qabağına getmişdik.

Müharibə dəhşətdir. Heç bir dövlətə qismət olmasın. Baxmırdılar qocadır, cavandır, uşaqdır. Hamını tələf edirdilər. Azərbaycan müharibəyə çox əsgər göndərib. Gərək ölkələr bir-biri ilə dost olsun, dünyada mehribanlıq olsun.

Məsməxanım müəllimə atasının onlara danışdığı maraqlı bir xatirəni də bizimlə bölüşür:

“Atam Bolqarıstanda olan zaman 3 gün bir ailədə qalıb. Bu zaman ailənin türk dilində danışdığını görüb. Sən demə, türklər imiş. Atama çox yaxşı baxıblar, sonda sağollaşan zaman evin sahibi atama deyib ki, iki qızı var, müharibədən qayıdanda ikisini də ona verəcək”.

Bağır baba da həmin anları belə xatırlayır:

“Yaralananda tibb bacıları bizə yaxşı qulluq edirdi. Almanlar bir qrup qadını sürgün eləmişdi. Mən onları azad edəndə demişdim ki, davadan sonra gəlib sizi Azərbaycana aparacam, sizinlə evlənəcəm. Elə oldu ki, mən getdim, onlar qaldılar. Ukraynada ərsiz, cavan çox qız var idi. Onlarla evlənə bilmədim, Azərbaycan qızı aldım. Yoldaşımı mənimlə bacım Mənsumə tanış edib. Onun yanında dərzi işləyir, hərbiçilər üçün paltar tikirdi. Mən davadan gələndən sonra tanış olduq, evləndik”.

Əvvəldə müsahibimizin də qeyd etdiyi kimi, bacısı Mənsumə xanım da 4 il müharibədə tibb bacısı kimi iştirak edib. Müharibə bitdikdən sonra isə elə orada tanış olduğu hərbçi ilə evlənib:

“Bibim 4 il müharibədə iştirak edib. O vaxt müharibəyə gedən qadınların daha sonra ərə getməsi çətin olurdu. O, elə müharibədə tanış olduğu hərbçi dostu ilə ailə qurub. Həmin hərbçi bibimi axtarıb tapıb, daha sonra onun üçün elçiliyə gəlib. Ailə qurublar, 4 övladı olub. Elə anamı da atam üçün bibim bəyənib”.

3 qızı olduğunu deyən 96 yaşlı Bağır Məlikov övladlarından fərəhlə danışır:

“Qızlarımın üçü də ali təhsilli müəllimədir. Qəşəng ailə qurublar. 7 nəvəm, 11 nəticəm var”.

Məsməxanım xanım: “Hər il 9 Mayda parad olurdu, atamla iştirak edir, qürurla izləyirdik. Bu il müharibənin 75 illiyidir və yəqin ki, pandemiyaya görə olmayacaq. Paradda rus qadınları atamı görən kimi qucaqlayıb öpməyə başlayırlar. Tanımırlar, ancaq o medalları görən kimi qaçırlar üstünə. Atamla nə qədər şəkil çəkdirirlər”.

- Son olaraq Bağır baba, bizimlə uzun ömürlülüyün sirrini paylaşın...

- Araq içmirəm, siqaret çəkmirəm, əsəbiləşib qışqırmıram, başımı sakit dolandırıram. Alma-armud, daha çox meyvə yeyirəm. Arada bağa gedirəm, gəzib gəlirəm. İndi icazə yoxdur deyə, bayıra çıxa bilmirəm. Elə bütün günüm balkonda keçir. Quşlara yem verirəm. Daha 100-ə yaxın yaşım var, nə edəcəm?!

Günel Hacı

Fotolar - Video: Nuran Məmmədov

0
Qafqazinfo.az