ABŞ-ın dolları ucuzlaşdırma siyasəti nəyə hesablanıb? - AÇIQLAMA

15:38 / 30.07.2020
1248

Dünya maliyyə bazarlarında avro-dollar məzənnəsində birincinin möhkəmlənmə prosesi gedir. Hətta Avrozananın vahid valyutasının dollara qarşı möhkəmlənməsinin ilin sonunadək davam edəcəyi proqnozlaşdırılır.

Belə bir məqamda isə ABŞ hökuməti dolların uçot dərəcəsini sabit saxlamağa üstünlük verir.

Qeyd edək ki, Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini 0-025 faiz səviyyəsində saxlayıb. Bu barədə Departament rəhbərliyinin iclasının nəticəsinə dair yayılan məlumatda bildirilib.

Xatırladaq ki, ötən ay da FED uçot dərəcəsini 0-0,25 faiz səviyyəsində saxlamışdı.

Pandemiya və avronun möhkəmlənməsi şəraitində ABŞ-ın dollar siyasəti nəyə hesablanıb?

İqtisadçı Natiq Cəfərli Cebhe.info-ya açıqlamasında bildirib ki, FED hazırkı şəraitdə uçot dərəcəsini artıra bilməzdi:

“Aşağı sala da bilməzdi, çünki uçot dərəcəsi minimum səviyyədədir. Bundan aşağı çəkmək, mənfi faiz dərəcəsində keçməkdir ki, bunun da öz fəsadları var. Ona görə də faiz dərəcəsinin dəyişməyəcəyi gözlənilən idi. FED rəhbərinin açlqaması isə maraq doğurdu. Həddindən artıq yumşaq siyasət aparılacağını, bacardıqları qədər təşviq paketindən istifadə edəcəklərini, obrazlı desək, heç bir sərhəd qoymadan iqtisadiyyata pul səpəcəklərini açıqladı. Bunun əsas səbəbi isə ondan ibarətdir ki, dünya iqtisadiyyatında da, ABŞ iqtisadiyyatında da ciddi daralma var. Mərkəzi banklar öz iqtisadiyyatlarını dirçəltmək üçün təşviq paketlərini irəli sürürlər”.

Natiq Cəfərli deyir ki, ABŞ-ın digər dünya ölkələrindən bir üstünlüyü də var ki, bu da istənilən qədər dollar çap edə bilməsidir:

“Bu ciddi inflyasiya yaratmır, çünki dünya ölkələri həmin dollarları həzm edir. ABŞ-ın dollar ehtiyatlarının ¾ onsuz da ölkədə deyil, dünyanın ehtiyatlarında saxlanılır. Ona görə də ABŞ-ın təşviq paketlərinə getməyə şans və imkanları daha genişdir. Dünənki açıqlamada həm də o sezildi ki, ABŞ hökuməti və FED rəhbərliyinin qarşısında dolları ucuzlaşdırmaq kimi bir hədəf də var.

Onlar dolların bir qədər də ucuzlaşmasını istəyirlər. Çünki ixracatı yüksək olan dövlətlər hər zaman öz valyutalarının az da olsa, digər valyutalara nisbətən dəyərdən düşməsinə çalışır, müxtəlif alət və vasitələrlə bunu edirlər ki, istehsal və ixraacatı stimullaşdırsınlar”.

İqtisadçı deyir ki, dolların avro qarşısında dəyərdən düşməsi Avrozona ölkələrinin ABŞ-a yönəlməsinə, ABŞ mallarına üstünlük verməsinə səbəb olacaq:

“Bu da ABŞ iqtisadiyyatına əlavə stimul yarada bilər. Ona görə də FED-in dünənki qərarının əsas hədəfi dolların güclənməsinə mane olmaq və dolları gücləndirəcək hər hansı bir addımın atılmasından çəkinmək oldu”.

 

0