BNA-nın konsepsiyası nəyə xidmət edir? – AÇIQLAMA

20:03 / 01.09.2020
759

Xəbər verildiyi kimi, Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən taksi fəaliyyətinin tənzimlənməsi ilə bağlı konsepsiya hazırlanıb.

Konsepsiyada vahid dispetçer mərkəzinin yaradılması, tarif sisteminin və kvotanın tətbiqi, sahibkarlıq fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı məsələlərin öz əksini tapdığı bildirilir.

Amma qərarın taksi fəaliyyəti göstərənlərə müsbət və ya mənfi təsirinin olacağı müzakirə mövzusudur. Əgər söhbət sahibkarlıq fəaliyyətindən gedirsə, burada dövlət qurumunun tənzimlənməsinin hansı məqsəd daşıdığı sual doğurur.

Qeyd edək ki, bu məsələ birmənalı qarşılanmayıb. Bəzi iqtisadçılar bazar iqtisadiyyatı şəraitində dövlətin biznesə müdaxiləsinin yolverilməz olduğunu bildirir və taksi fəaliyyətinin tənzimlənməsinin də gələcəkdə problemlərə səbəb olacağını bildirirlər.

Taksilərin hamısının vahid dispeçer mərkəzinə bağlanmasını və vahid qiymətin tətbiqinin Sovet dönəmindəki qaydalara bənzədələnlər də var.

Amma digər qrup isə vahid tarifin tətbiqinin taksi xidmətləri sahəsində ucuzluğu aradan qaldıracağını, bunun da sözügedən fəaliyyət sahəsi ilə məşğul olanların mənafeyinə uyğun olacağını deyirlər.

Qeyd edək ki, bu məsələ taksi fəaliyyəti ilə məşğul olanlar arasında da etirazla qarşılanıb. Fərdi qaydada çalışan taksi sürücüləri avtomabillər onlara məxsus olduğu təqdirdə, onlarla bağlı texniki problemləri öz vəsaitləri hesabına həll etdikləri təqdirdə tarifin başqa bir mənbədən müəyyənləşdirilməsinin anlaşılmaz olduğunu deyirlər.

Vahid qiymətin tətbiq olunması ucuz qiymətlərlə fəaliyyət göstərən şirkətlərə, eləcə də fərdi formada çalışanlara necə təsir edəcək?

Cebhe.info-ya açıqlama verən yol-nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov da taksi fəaliyyətinin tənzimlənməsi ilə bağlı hazırlanan konsepsiyanı məqsədəuyğun hesab edir.

O, vahid tarifin tətbiq olunmasının illərdir ki, gündəmdə olduğunu deyir:

“Hazırda 60-70 dispetçer qurumu var, Bakı şəhərində taksi xidmətilə məşğul olanların sayı isə 20 mindən çoxdur.

Müxtəlif şirkətlər dispetçer xidmətləri vasitəsi ilə ucuz xidmət təklif edirlər. Müştəriləri cəlb etmək məqsədi ilə olduğu üçün onlar daha aşağı ödəniş haqqı təklif edirlər. Xidmətin səviyyəsi isə çox zaman lazımi səviyyədə olmur. Həmin avtomabillərin yararlılıq səviyyəsi isə bəzən sual altında olur. Hesab edirəm ki, burada məqsəd taksi xidmətinin keyfiyyətinin artırılmasıdır. Vahid qiymət tətbiq edilsə, o zaman şirkətlər diqqəti daha çox xidmətin keyfiyyətinə yönəldə bilərlər”.

 

0