Macarıstan: "Qərbin hərəkətləri dünya müharibəsi təhlükəsi yaradır".

DÜNYA
14:55 / 22.04.2024
141

ABŞ, NATO və Avropa İttifaqı Ukraynaya kimin daha çox silah verə biləcəyini görmək üçün mahiyyətcə bir-biri ilə rəqabət aparır və bu, Rusiya ilə münaqişənin kəskinləşməsinə gətirib çıxarır, yeni dünya müharibəsi təhlükəsi yaradır. 

HİT.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Aİ ölkələrinin Xarici İşlər Nazirliyi və Müdafiə nazirlikləri rəhbərlərinin birgə görüşü üçün Lüksemburqa gələrkən deyib.

O qeyd edib ki, ABŞ Konqresi Ukraynaya yeni yardım paketini qəbul etdikdən sonra avropalı müharibə tərəfdarı siyasətçilər itirilmiş vaxtın əvəzini çıxmaq istəyirlər.

"Bu gün yeni silah tədarükü və milyardlarla avro gündəmdədir. Brüsseldə dünya müharibəsinə hazırlıq intensivləşir", deyə XİN başçısı qeyd edib.

Onun sözlərinə görə, ABŞ, NATO və Aİ hazırda sülhün möhkəmləndirilməsinə və diplomatik həll yollarının tapılmasına diqqət yetirmək əvəzinə, Ukraynaya hərbi yardımı koordinasiya etmək hüququ uğrunda yarışırlar: "Yeni dünya müharibəsinə hazırlıq dayandırılmalıdır".

Avropa İttifaqının nazirləri Lüksemburqda keçiriləcək görüşdə Ukraynadakı münaqişəni, xüsusən Kiyevə hava hücumundan müdafiə sistemlərinin, o cümlədən Amerikanın "Patriot" sistemlərinin tədarükü məsələsini müzakirə etməyi planlaşdırır. Bundan əlavə, onlar Kiyevə yardım üçün dondurulmuş Rusiya aktivlərindən istifadəni nəzərdən keçirəcəklər.

Samir

0