Bakının yeni silahı, Qarabağ üçün təzə “kart-blanş” - TƏHLİL

SİYASƏT
12:20 / 16.07.2020
4200

Azərbaycanın qərb sərhədində gərginlik davam edir. Ermənistan tərəfdən yeni təxribatların olacağı da istisna deyil. Bəs işğalçı ölkə son avantürası ilə nəyə nail oldu? Bəzi nəticələrin altını artıq indidən cızmaq olar.

Əvvəla, bir neçə günlük döyüşlərdə düşmən hərbi nöqteyi-nəzərdən Azərbaycan ərazisindən 1 sm belə, torpaq qopara bilmədi. Sərhədin bizim tərəfdə yerləşən strateji əhəmiyyətli, bir neçə kilometrlik radiusda ərazini nəzarətdə saxlamağa imkan verən yüksəkliyi götürə bilmədi. Yenə cəhd olarsa, Ermənistan şəkk-şübhəsiz, artıqlaması ilə cavabını və cəzasını alacaq.
İkincisi və daha mühüm olanı odur ki, son döyüşlər Ermənistanın Qarabağ məsələsində, faktiki, təkləndiyini nümayiş etdirdi. Heç bir dövlət, təşkilat bu olaylarda İrəvanın tərəfində durmadı, onu müdafiə etmədi. Hətta Ermənistanın ənənəvi dostları da ya susdular, ya da neytral qaldılar.
O sırada işğalçının 1 nömrəli hərbi-siyasi müttəfiqi Rusiya rəsmilərinin dilindən Nikol Paşinyanın israrla eşitmək istədikləri sözlər, bəyanatlar səslənmədi. Xarici işlər naziri, yarım-erməni Sergey Lavrovun məlum “tarazlı bəyanatı” isə sanki “xala xətrinə” verilmişdi. İrəvan isə çox arzu edirdi ki, konfliktə Rusiyanı da cəlb eləsin. Lakin Moskva erməni hiyləsinə uymadı, çünki Kreml üçün Bakı və Ankara ilə münasibətləri qoruyub saxlamaq forpostla əlaqələrdən heç də az önəm daşımır.
*****
Bu harasıdır, Ermənistanın üzv olduğu və Rusiyanın başında durduğu iqtisadi və hərbi bloklar - Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizik Müqaviləsi Təşkilatı (KTMT -"Rus NATO-su") da işğalçı ölkə ilə, sadəcə, məzələndi və məzələnməkdə davam edir. 3 dəfə edilən rəsmi müraciətə rəğmən, hərbi blok Ermənistanın dəlillərini və xahişini ciddi saymadı. İrəvanın çox gözlədiyi təcili iclas baş tutmadı, təxirə salındı və ona aydın şəkildə mesaj verildi ki, blok Ermənistan tərəfdə Azərbaycanla vuruşmayacaq.

Bu da gözlənilən idi. Ona görə ki, blokun Ermənistana qarşı bu davranışı bilavasitə Rusiyanın və onun rəhbəri Vladimir Putinin iradəsinə birbaşa bağlıdır. Putinin Paşinyana və onun komandasına neqativ münasibəti isə bəllidir. Situasiyanın Ermənistan üçün üzücü bir özəlliyi həm də odur ki, vaxtilə KTMT-nin erməni əsilli baş katibi Yuri Xaçaturova qarşı cinayət işi açaraq onu müvəqqəti də olsa həbsə salan və bununla da blokun imicini sarsıdan, Rusiyada qəzəb yaradan Paşinyan indi həmin blokdan və Putindən Azərbaycana qarşı dayanmaq üçün kömək, güc umur, bloku öz yanında görmək istəyir.

Belə bir məkrli sevda isə baş tutan deyil. İki səbəbi dedik - Putinin Paşinyana münasibəti və Moskva üçün Bakı və Ankara ilə əlaqələrin önəmi. Daha bir səbəb KTMT-yə digər üzv ölkələrin (Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan) Azərbaycanla qat-qat isti münasibətlərdə olmasıdır, nəinki Ermənistanla. Bunu onların son olaylarla bağlı verdikləri bəyanatlar bir daha təsdiqləmiş oldu.

Həmçinin işğalçı üçün ənənəvi olaraq, “nəfəslik” rolunda olan İran da, nə qədər qəribə də olsa, Azərbaycanın yanında yer aldı. İranın hökumət rəsmisi və xarici işlər nazirinin, Bakıdakı səfirinin verdikləri bəyanatlarda birmənalı olaraq, ölkəmizin ərazi bütövlüyü dəstəkləndi, “Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi İranın milli strategiyasıdır”, - deyə dönə-dönə vurğulandı.
*****
ATƏT-in Minsk Qrupu həmsədrlərindən də İrəvanın ürəyincə olan mövqe sərgilənmədi. Habelə, GUAM blokundan, ayrıca Ukrayna və Moldovadan, Avropa Birliyindən, NATO-dan, İtaliyadan, Polşadan, digər dost-tərəfdaş ölkələrdən, İslam Əməkdaşlıq Təşkilatından Bakıya verilən və işğalçını qəzəbləndirən, onu yumşaq desək, məyus edən dəstək bəyanatları gəldi və gəlməkdə davam edir.

Türkiyəmizin düşməni həqiqi mənada panikaya salan dəstəyini isə xüsusi qeyd etmək lazım gəlir. Qardaş ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan, xarici işlər və milli müdafiə nazirləri - Mövlud Çavuşoğlu və Hulusi Akar dərhal Türkiyə dövləti adına Azərbaycanın yanında olduqlarını, ən əsası, öz ərazi bütövlüyünün təminatı üçün Bakı hansı yolu seçərsə, onu müdafiə edəcəklərini bildirdilər. Eyni zamanda cızığından çıxmış işğalçı ölkəyə həddini aşmamağı məsləhət gördülər, açıq mətnlə “Ermənistan ağlını başına yığsın!”, “Bu, Ermənistanın çapında olan hadisə deyil” kimi sərt leksikonla ona yerini göstərdilər. Ankara bununla həm də işğalçının arxasında duran gizli-açıq qüvvələrə də ismarış göndərərək, Türkiyənin Güney Qafqazdan uzaqda olmadığını, əksinə, geosiyasi və hərbi baxımdan bölgənin özündə olduğunu xatırlatdı.

Bir sözlə, Ermənistan son avantüra ilə nəinki hərbi-strateji baxımdan heç bir hədəfə çata bilmədi. Daha mühümü, ilk dəfə olaraq Qarabağ məsələsində, təbliğat meydanında təklənmiş duruma düşdü. Diplomatik iflasa tuş gəldi. Bakıya regional və beynəlxalq səviyyədə verilən bu dəstək, heç şübhəsiz, Azərbaycana Qarabağı hərbi yolla azad etmək üçün verilən yeni və çox qiymətli “kart-blanş” anlamına gəlir.
*****
Nəhayət, altını cızmaq istədiyimiz üçüncü mühüm qənaət barədə. Politoloq Tofiq Abbasovun obrazlı ifadə elədiyi kimi, bu da son hadisələr fonunda Azərbaycanın düşmənə qarşı yeni bir silah əldə etməsidir. Söhbət Qarabağ məsələsində dövlətlə xalqın ortaq iradəsinin və yekdilliyinin əyani nümayişindən, ölkənin bütün ictimai-siyasi qüvvələrinin düşmənlə mübarizədə yumruq kimi birləşməsindən, kəsəsi, ölkənin müharibəyə tam hazır olmasından gedir.

Beləcə, beynəlxalq ictimaiyyətlə yanaşı, Ermənistan da tam əmin oldu ki, artıq səbir kasası dolmuş Azərbaycan xalqından 1 sm də torpaq qopara, işğalı rəsmiləşdirə bilməyəcək. Bunu gözləyənlər boşuna gözləyir...
 

0
“Yeni Müsavat”