Azərbaycan niyə İsraildən 2 milyard dollarlıq silah alır? – Ekspertdən “müharibə olacaqmı” sualına cavab
SİYASƏT
13:42 / 13.08.2021
9636

İsrail mediasında Azərbaycanın İsrail şirkətlərindən 2 milyard dollarlıq silah almaq üçün danışıqlar aparması ilə bağlı məlumatlar yayılıb.

 
Yayılan məlumatlarda silahların alınmasına ilkin səbəb kimi Azərbaycan və Ermənistan arasında köhnə sərhədlər boyunca gərginliyin davam etməsi göstərilib. Sözügedən xəbər Azərbaycanda birmənalı qarşılanmayıb, müharibənin yenidən başlaya biləcəyi ilə bağlı ajiotaj yaranıb.
 
Maraqlıdır, yenidən hansısa müharibənin olması, vəziyyətin gərginləşməsi gözlənilirmi? Bir sözlə, narahatlığa əsas varmı?

Mövzu ilə bağlı Sfera.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov yayılmış informasiyada qeyri-adi nəsə axtarmağa ehtiyac görmür:

"Azərbaycanın İsraillə sıx hərbi-texniki əməkdaşlığı var. Bu baxımdan göstərilən rəqəmlərə əhəmiyyət verməmək lazımdır. Dünya üçün də sirr deyil ki, 44 günlük müharibə dövründə Azərbaycanın uğurla tətbiq etdiyi hərbi texnologiyaların bir qismi İsraildən alınmışdı. Bu proses davamlı olacaq, ordunu gücləndirmək üçün yeni silahlar alınmalıdır. Burada sensasiyalı nəsə yoxdur. Yeni silahların gətirilməsinin müharibə ilə əlaqəsi yoxdur. Çünki Azərbaycanın heç bir ölkəyə qarşı ərazi iddiasında deyil".
 
Ekspert bununla belə müharibə ehtimalını birmənalı şəkildə istisna da etməyib:

"Son vaxtlar Rusiya sülhməramlıları özlərini qaydalar çərçivəsində aparmır, aidiyyatı olmayan işlərlə məşğul olurlar. Lakin bu məsələ də öz həllini tapacaq. Düzdür, biz istisna edə bilmərik ki, sabah hər hansısa müharibə olmayacaq. Yəni, Azərbaycana qarşı ərazi iddiası ya yanlış hərəkət olarsa, biz əl-qolumuzu sallayıb gəzməyəcəyik".

0