Paşinyanın anti-Rusiya addımlarının əsl səbəbləri - MÜSAHİBƏ 

SİYASƏT
15:24 / 28.03.2024
9188

Ermənistan yenidən Rusiyanı qəzəbləndirən addım atıb. 

Belə ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Parlament Assambleyasının "Crocus City Hall"dakı terror aktını pisləyən bəyanatına qoşulmayıb. Bunu parlamentin spikeri Alen Simonyanın mətbuat katibi Nelli Qulyan açıqlayıb. O, ölkəsinin təşkilatdakı iştirakının dondurulması səbəbindən bəyanata qoşulmadığını deyib. 

Mövzu ilə bağlı "Report" İnformasiya Agentliyinin əməkdaşı, siyasi analitik Kənan Novruzov Hit.az-a müsahibə verib. 

Sözügedən müsahibəni təqdim edirik:

346722

- Kənan bəy, Ermənistanın Rusiya əleyhinə addımlar atmasına səbəb nədir? 
- Ermənistan uzun müddətdir ki, Rusiya əleyhinə addımlar atır. Lakin rəsmi İrəvan bunu özbaşına etmir, birbaşa Qərbdən aldığı sifarişləri yerinə yetirir. Ehtimal edirəm ki, Ermənistan buna görə Qərbdən ciddi təhlükəsizlik təminatı alıb. Əks halda, Ermənistanın Baş naziri Nikol Paşinyan siyasətinə və xarakterinə çox yaxşı bələd olduğu Rusiya Prezidenti Vladimir Putinə qarşı belə addımlar atmazdı. 

- Məgər Paşinyan atdığı addımların nəticələrini hesablamır? 
- Əslində, Paşinyan Putini çox yaxşı tanıyır və Rusiyanın gücünə də bələddir. Ermənistanın Baş naziri də yəqin başa düşür ki, onu devirmək və ya fiziki olaraq aradan qaldırmaq Kreml üçün o qədər də çətin deyil. Buna baxmayaraq, Qərb Ermənistanı belə addımlar atmağa məcbur edir. 

- Necə düşünürsünüz, Qərbin Paşinyandan əsas istəyi nədir?
- Paşinyanı 2018-ci ildə hakimiyyətə gətirən də, onu bir neçə böhranlı vəziyyətdən çıxaran da Qərb olub. Məsələn, Paşinyan məğlub lider olmasına baxmayaraq, Qərbin hesabına yenidən Baş nazir seçildi. Çünki o, Qərbə lazımdır. Nəzərə almaq lazımdır ki, Paşinyanın yerinə Köçəryan və ya Sarkisyan kimi birinin gəlməsi Qərb ölkələrinin hədəflərinin puç olmasına səbəb olacaq. 

- Bəs əsas məqsədlər nədir? 
- Hesab edirəm ki, Ermənistanın Rusiyaya qarşı istifadə olunmasında bir neçə məqsəd var. Məqsəd Rusiyanın Cənubi Qafqazdakı mövqelərini zəiflətmək və İrəvan-Moskva münasibətlərini pozmaqdır. Həmçinin, Kremli qıcıqlandıraraq Rusiyaya qarşı ikinci cəbhə açmaq hədəfi də ola bilər. Lakin fikrimcə, rəsmi Moskva da Qərbin planlarından xəbərdardır və təxribata getməyi düşünmür. Yəqin ki, Ukraynada etdikləri səhvi ikinci dəfə təkrarlamaq istəmirlər.

- Bütün bu kəskin addımların nəticəsi olaraq Rusiyanın Ermənistana hərbi müdaxilə etmək ehtimalı var? 
- Rusiyanın Ermənistana hərbi müdaxiləsi nəzəri cəhətdən mümkündür. Lakin praktiki cəhətdən Rusiyanın hələ ki, Ermənistana müdaxilə edəcəyini zənn etmirəm. Çünki daha ağlabatan və rahat versiyalar var. Məsələn, Paşinyanın fiziki formada aradan qaldırılması, Gümrüdəki 102-ci hərbi bazanın hərəkətə keçməsi və yaxud da daxildəki müxaliflərin ayağa qaldırılması ehtimalları gündəmə gələ bilər. 

Pərviz

0