Məhərrəmlik ayının başa çatmasına artıq sayılı günlər qalır və qarşıdakı dövrdə ölkə üzrə toy mərasimlərinin yenidən intensivləşəcəyi gözlənilir.
Yayın toy mövsümünün canlanması ilə birlikdə evlilik hazırlığında olan cütlüklərin diqqəti bir sıra məsələlərlə yanaşı, şadlıq saraylarında tətbiq edilən qiymətlərə də yönəlir. Xüsusilə son dövrlərdə toy təşkil etmək üçün tələb olunan ümumi xərclərin artması gələcək ailə quracaq şəxslər və onların yaxınları arasında ciddi müzakirələrə səbəb olur. Şadlıq saraylarında menyu və digər xidmətlərin qiymətlərinin kifayət qədər yüksək olması isə toy keçirmək istəyən ailələr üçün əsas maliyyə yükünü formalaşdıran amillərdən biri hesab olunur.
Bəs şadlıq saraylarında toy mərasimlərinin qiymətlərinin yüksək olmasına hansı amillər təsir edir və bu qiymətlər necə müəyyənləşdirilir?
REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli Hit.az-a açıqlamasında bildirib ki, toy menyularının formalaşmasında əsas xərc maddələrindən biri ərzaq məhsullarıdır:

“Buna görə də bazarda qida məhsullarının bahalaşması şadlıq saraylarında təqdim olunan menyuların qiymətlərinə də təsirsiz ötüşmür. Ərzaq bazarında qiymətlərin yüksəlməsi davam edərsə, toy süfrələrinin əvvəlki qiymətlərlə təqdim olunması obyektlərin xərclərini artıraraq onların fəaliyyətinə əlavə maliyyə yükü yarada bilər.
Digər tərəfdən, toy sektorunda tələbin əvvəlki illərlə müqayisədə zəifləməsi qiymət siyasətini daha mürəkkəb vəziyyətə gətirir. Nikahların və toy mərasimlərinin sayının azalması şadlıq saraylarının müştəri bazasının daralmasına səbəb olur. Belə bir şəraitdə qiymətlərin kəskin şəkildə artırılması həm müştərilərin sayına, həm də obyektlərin gəlirlərinə mənfi təsir göstərə bilər”.
Ekspert hesab edir ki, bəzi şadlıq sarayları menyuların tərkibinə yenidən baxmaq yolunu seçə bilər:
“Süfrəyə təqdim edilən yeməklərin çeşidinin azaldılması, porsiyaların dəyişdirilməsi və daha münasib qiymətə başa gələn məhsullara üstünlük verilməsi mümkün variantlar sırasındadır. Beləliklə, ərzaq xərclərinin artması müəyyən qədər kompensasiya edilərək menyuların qiymətində daha böyük artımın qarşısı alına bilər.
Nəticədə, toy menyularının qiyməti yalnız ərzaq məhsullarının bahalaşmasından deyil, həm də bazardakı tələb, müştəri sayının azalması və şadlıq saraylarının xərclərindən asılı olaraq formalaşır”.
Günel Cəlilova


