“Bəzi insanlar ayrıldıqları şəxslə münasibətə başlamaq üçün çox sayda cəhd edirlər”.
Bu sözləri klinik psixoloq Zəhra Zahidova Hit.az-a açıqlamasında deyib.
O, bunun səbəblərindən danışıb:
“Ayrıldıqdan sonra keçmiş partnyora yenidən qayıtmaq istəyi hər zaman sevginin və ya dəyərini gec anlamağın göstəricisi deyil. Ayrılıq insanın həyatında yalnız bir insanın yoxluğunu deyil, həm də öyrəşdiyi emosional bağın, gündəlik rutinin, diqqətin və təhlükəsizlik hissinin itirilməsini yaradır. Buna görə də bəzi insanlar ayrılıqdan sonra keçmiş münasibətin dəyərini daha aydın görməyə başlayırlar. Münasibət davam edərkən adi görünən bir çox şey yoxluq zamanı daha əhəmiyyətli hiss edilə bilər”.
Ekspert qeyd edib ki, insan bəzən keçmiş partnyorunu deyil onun yanında hiss etdiyi özü üçün darıxır:
“Yeni münasibət qurmaq çətin olduqda və ya yeni insanlarda əvvəlki münasibətdəki tanışlığı tapa bilmədikdə keçmiş münasibət şüurda ideallaşdırılır. Mənfi xatirələr arxa plana keçir, yaxşı xatirələr isə daha çox xatırlanır. Bu zaman insan “heç kim onun kimi deyil” düşüncəsinə gələ bilər. Bəzən isə məsələ sevgi deyil, itirmə hissidir. İnsan qarşı tərəfin artıq həyatında olmadığını qəbul etməkdə çətinlik çəkir və onu geri qaytarmaq üçün davamlı cəhdlər edir”.
Psixoloqun sözlərinə görə, bu məqamda insan özünə aşağıdakı vacib sualları verməlidir:
“Mən həqiqətən bu insanla yenidən sağlam münasibət qurmaq istəyirəm, yoxsa sadəcə onu itirmiş olmağı qəbul edə bilmirəm? Həqiqi dəyəri anlamağın göstəricisi isə yalnız geri qayıtmaq istəmək deyil. İnsan münasibətin niyə bitdiyini anlayırmı? Öz səhvlərini qəbul edirmi? Eyni problemlərin yenidən təkrarlanmaması üçün dəyişməyə hazırdırmı? Qarşı tərəfin sərhədlərinə və qərarına hörmət edirmi? Çünki sağlam sevgi yalnız “səni itirmək istəmirəm” demək deyil”.
Zəhra Zahidova əlavə edib ki, sağlam sevgi həm də “səni niyə itirdiyimi anlayıram və münasibət yenidən qurulacaqsa, bu dəfə nəyi fərqli etməli olduğumu bilirəm” deyə bilməkdir:
“Ona görə ayrılıqdan sonra kiminsə çox cəhd etməsi onun mütləq daha çox sevdiyi anlamına gəlmir. Bəzən bu həqiqi peşmanlıqdır, bəzən bağlılıqdır, bəzən tənhalıqdır, bəzən isə itki ilə barışa bilməməkdir. Əsas fərq insanın geri qayıtmaq istəyində deyil, bu istəyin arxasında duran səbəbdədir”.
Pərviz



