Əmək bazarının tələbləri dəyişdikcə, yalnız akademik bilik deyil, peşə bacarıqlarına sahib mütəxəssislərə də ehtiyac sürətlə artır.
Bu səbəbdən peşə təhsili həm məşğulluğun təmin olunmasında, həm də iqtisadiyyatın müxtəlif sahələrinin ixtisaslı işçi qüvvəsi ilə təmin edilməsində mühüm rol oynayır.
Qeyd edək k ki, bir çox ölkədə texniki və peşə yönümlü təhsil gənclərin qısa müddətdə peşəyə yiyələnərək iş həyatına qoşulmasına şərait yaradır. Azərbaycanda da bu sahəyə maraq əvvəlki illərlə müqayisədə nəzərəçarpacaq dərəcədə yüksəlib. Əvvəllər əksər abituriyentlər üçün əsas məqsəd ali məktəbə qəbul olmaq idisə, indi peşə təhsilini gələcək karyerası üçün daha əlverişli seçim hesab edənlərin sayı artır.
Təhsil eksperti Məzahir Məmmədli Hit.az-a açıqlamasında deyib ki, son illər bu sahənin müasirləşdirilməsi məqsədilə həyata keçirilən layihələr tədris imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib və gənclərin marağını artırıb:

“Müəyyən nailiyyətlər qazanan məzunlar isə təhsillərini subbakalavr statusu ilə ali məktəblərdə davam etdirmək şansı əldə edirlər. Ali təhsil hər bir gəncin yeganə yolu hesab olunmamalıdır. IX sinifdən sonra peşəyönümlü ixtisas seçən şagirdlər həm qısa müddətdə peşə sahibi ola, həm də əmək bazarında tələb olunan kadr kimi fəaliyyətə başlaya bilərlər. Bu istiqamətdə dövlət tərəfindən yaradılan imkanlar onların gələcək karyerası üçün mühüm üstünlüklər formalaşdırır”.
Günel Cəlilova


