Azərbaycanda orta ixtisas təhsili sisteminin gələcək strukturu ilə bağlı yeni dəyişikliklər gündəmə gəlib.
Təklif olunan yanaşmaya əsasən, kolleclərin fəaliyyətinin universitetlərlə əlaqələndirilməsi və qəbul mexanizminin yenidən formalaşdırılması nəzərdə tutulur. Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman kolleclərin ali təhsil müəssisələrinin strukturuna daxil edilməsi perspektivindən danışıb.
Onun sözlərinə görə, gələcəkdə kolleclərə 9 illik təhsil bazasında tələbə qəbulunun tamamilə dayandırılmasının mümkün ola bilər. Bu yanaşma orta ixtisas təhsilinə qəbulun mövcud modelində ciddi dəyişikliklərə yol aça bilər.
Bəs yeni sistem hansı prinsiplər əsasında qurulacaq və abituriyentləri hansı yeniliklər gözləyir?
Təhsil eksperti Elçin Əfəndi Hit.az-a açıqlamasında deyib ki, son illərdə 9 illik təhsil bazasından kolleclərə ayrılan plan yerlərinin mərhələli şəkildə azaldılması müşahidə olunur:

“Güman edirəm ki, qarşıdakı bir neçə ildə bu əsasla qəbul tamamilə dayandırılacaq. İcbari təhsili başa vuran şagirdlərin sonrakı təhsil seçimində peşə təhsilinə üstünlük verməsi daha məqsədəuyğundur. Çünki bu istiqamət onlara daha qısa müddətdə əmək bazarına daxil olmaq və konkret peşə bacarıqları qazanmaq imkanı yaradır.
Əvvəllər 9 illik baza üzrə kolleclərə qəbulun 11 illik baza ilə rəqabətdə imkanları məhdud idi, hazırda isə peşə təhsili bu istiqamətdə daha cəlbedici seçimə çevrilir. Hesab edirəm ki, gələcəkdə kolleclərə əsasən 11 illik təhsil bazasından qəbul həyata keçirilməlidir”.
Ekspert kolleclərin idarəetmə modelində və tədris prosesində də dəyişikliklərə ehtiyac olduğunu vurğulayıb:
“Universitetlərin tabeliyində olmayan kolleclərin ali təhsil müəssisələrinin strukturuna daxil edilməsi nəzərdə tutulan əsas dəyişikliklərdəndir. Bununla yanaşı, kolleclərə ayrılan plan yerlərinin artırılması və təhsil müəssisələrində köklü islahatların aparılması da gündəmdə olmalıdır. Məqsəd müasir əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadrların hazırlanması, peşəkar müəllim və pedaqoji heyətin formalaşdırılmasıdır.
Kolleclərdə tədrisin keyfiyyətinin yüksəldilməsi məzunların əmək bazarına daha hazırlıqlı çıxmasına şərait yaradacaq. Düşünürəm ki, qarşıdakı 5-10 il ərzində həyata keçiriləcək dəyişikliklər orta ixtisas təhsili müəssisələrinin nüfuzuna və ictimai imicinə də müsbət təsir göstərə bilər”.
Sevinc


