Rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi dövrdə məktəblərdə tədris proqramının yenilənməsi istiqamətində növbəti addım atılır.
Gözlənilən dəyişikliklərə əsasən, orta təhsilin aşağı pilləsində oxuyan şagirdlər süni intellekt və kibermühitin təhlükəsizliyi ilə bağlı ilkin anlayışlarla tanış olacaqlar. Yeni təşəbbüs bir sıra suallar da doğurur.
Maraqlıdır, qeyd edilən fənn üzrə mövzuların tədrisini hansı ixtisaslı pedaqoqlar həyata keçirəcək? Müəllimlər üçün xüsusi hazırlıq proqramı nəzərdə tutulubmu?
Təhsil eksperti Elçin Süleymanov Hit.az-a açıqlamasında bildirib ki, texnoloji yeniliklər artıq cəmiyyətin inkişaf istiqamətini müəyyənləşdirən əsas amillərdən biridir və süni intellekt bu prosesin ən mühüm elementləri sırasında yer alır:

“Qarşıdakı illərdə onun təhsil, səhiyyə, iqtisadiyyat və digər sahələrdə tətbiq dairəsinin daha da genişlənəcəyi gözlənilir. Bu səbəbdən məktəblilərin həmin texnologiya ilə erkən yaşlardan tanış olması müasir dövrün tələblərinə cavab verir.
Ancaq bu yeniliyin səmərə verməsi üçün dərs proqramına mövzu əlavə etmək kifayət deyil. Təhsil müəssisələrinin lazımi texniki imkanlara malik olması, müəllimlərin isə süni intellekt alətlərindən peşəkar şəkildə yararlanmaq bacarığına yiyələnməsi vacibdir”.
Ekspertin sözlərinə görə, yalnız bu halda texnologiya dərslərin keyfiyyətinin yüksəlməsinə və öyrənmə prosesinin daha effektiv təşkilinə xidmət edə bilər:
“Süni intellektdən ölçüsüz istifadə şagirdlərin müstəqil düşünmək, təhlil aparmaq və problem həll etmək bacarıqlarının inkişafına mənfi təsir göstərə bilər. Buna görə məktəblərdə bu texnologiyanın imkanları ilə yanaşı, ondan düzgün və məsuliyyətli istifadə prinsipləri də öyrədilməlidir”.
Günel Cəlilova


