Ekspert: “İxtisas seçimi hələ də şüurlu qərar kimi qəbul edilmir”

TƏHSİL
12:12 / 13.08.2026
176

Azərbaycanda ali məktəblərə qəbul olmaq arzusunda olan abituriyentlər üçün həlledici mərhələlərdən biri - ixtisas seçimi prosesi artıq başlayıb.

Qəbul imtahanlarının geridə qalmasından sonra minlərlə gənci qarşıdakı günlərdə mühüm qərar gözləyir: topladıqları nəticəyə əsasən gələcəkdə hansı ixtisas üzrə təhsil alacaqlarını və hansı universiteti seçəcəklərini müəyyənləşdirməlidirlər.

Bu prosesdə yalnız abituriyentlər deyil, valideynlər də fəal iştirak edir. Övladlarının gələcək karyerasına təsir göstərəcək düzgün qərarın verilməsi üçün onlar müxtəlif ixtisasları və ali təhsil müəssisələrini araşdırır, seçim imkanlarını müqayisə edirlər.

Təhsil eksperti Elmin Nuri Hit.az-a açıqlamasında bildirib ki, ölkəmizdə ixtisas seçimi hələ də abituriyentin gələcək karyera perspektivləri, şəxsi maraqları və qarşıya qoyduğu peşə məqsədləri əsasında formalaşan şüurlu qərar kimi qəbul edilmir: 

407147

“Bir çox hallarda əsas məqsəd gəncin hansı sahədə uğur qazanacağı deyil, sadəcə hər hansı ali məktəbə qəbul olaraq tələbə statusu əldə etməsidir. Halbuki ixtisas seçimi zamanı namizədin seçdiyi sahəyə uyğunluğu, həmin istiqamət üzrə təhsilin keyfiyyəti, ixtisasın əmək bazarındakı real perspektivləri və universitetin bu sahədə təqdim etdiyi imkanlar əsas meyarlar sırasında dayanmalıdır.

Ancaq son illərdə daha düşünülmüş seçim edən abituriyentlərin və ailələrin sayında artım müşahidə olunur ki, bu da cəmiyyətin məsələyə yanaşmasında müəyyən dəyişikliklərin başladığını göstərir”.

Ekspert onu da əlavə edib ki, bu yanaşma hələ geniş yayılmış davranış modelinə çevrilməyib və prosesin əsas hissəsində təsadüfi seçimlər üstünlük təşkil etməkdə davam edir: 

“Onu da nəzərə almaq lazımdır ki, yanlış ixtisas üzrə illərlə təhsil almaq, vaxt və maliyyə sərf etmək, daha sonra isə əmək bazarında özünə uyğun istiqamət axtarmaq bəzən bir il ərzində yenidən hazırlaşıb daha doğru seçim etməkdən daha ağır nəticələr doğurur”.

Günel Cəlilova

0